Elçin Mirzəbəyli: “Planlaşdırılan aksiyaların effektli olmayacağı artıq indidən görünməkdədir\" - MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Planlaşdırılan aksiyaların effektli olmayacağı artıq indidən görünməkdədir\" - MÜNASİBƏT

Azərbaycan 2011-ci ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində qələbə qazandıqdan sonra bir sıra çağırışlar olmuşdu. Belə ki, adı çəkilən müsabiqə başa çatanadək Bakıda moratorium qoyulmalı və partiyalar könüllü surətdə aksiya keçirməkdən əl çəkməli idilər. Bunu Səstv-yə müsahibəsində müxalifətin Bakıda keçirmək istədiyi, planlaşdırdığı mitinqlərə münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.


\"Təəssüflər olsun ki, həmişə olduğu kimi yenə də radikal düşərgənin təmsilçiləri öz mövqe və prinsiplərini Azərbaycan xalqına deyil, xarici, beynəlxalq təşkilatlara mesaj verməklə bildirirlər. Bununla da ölkədə keçiriləcək "Avroviziya" kimi möhtəşəm mahnı müsabiqəsini də öz maraqları tərəfindən çıxış edərək dəyərləndirməyə çalışırlar. Hesab edirəm ki, radikal düşərgənin mahnı müsabiqəsi ətrafında apardığı siyasi oyunlar ictimaiyyət tərəfindən də birmənalı şəkildə pislənilir və insanlar kimin-kim olduğunu çox gözəl ayird edə bilirlər. Bu baxımdan keçirilməsi planlaşdırılan aksiyaların o qədər də effektli olmayacağı artıq indidən görünməkdədir. Azərbaycan müsabiqədə qalib gələndən dərhal sonra bu uğurun əleyhinə kampaniyaların başladılması sübuta yetirildi ki, bu öncədən düşünülmüş bir prosesdir. Belə ki, Azərbaycan uğurlarına sevinməyən və ölkəmizi sevməyən qüvvələr, eləcə də dövlətimizə özlərinin iqtisadi-siyasi maraqları naminə təzyiq göstərmək istəyən qüvvələr biləvasitə həmin şəxslərin vasitəçiliyindən növbəti dəfə istifadə edirlər", deyə E.Mirzəbəyli bildirib.


Sədr müavininin sözlərinə görə, bu kimi aksiyalar müxtəlif ölkələrdə keçirilib: "ABŞ-ın özündə keçirilən aksiyaların hansı formada, amansız basqı ilə dağıdıldığının hər kəs şahidi oldu. Eləcə də Böyük Britaniyada, İtaliyada və s. ölkələrdə icazəsiz aksiyalara qarşı polisin sərt təpki göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Təbii ki, bu bilavasitə həmin qüvvələrin maraqlarına xidmət etdiyi üçün heç bir məlumat belə verilmir. Çünki bu dövlətin təhlükəsizliyinin istiqaməti yönündə atılan addım kimi dəyərləndirilir. Azərbaycana qarşı səsləndirilən fikirlərin də əsasında ölkəmizin neftlə zəngin bir ölkə olması, iqtisadi enerji ehtiyyatlarının, iqtisadi potensialının güclü olması, eləcə də önəmli bir regionda yerləşməsi və sairədir. Hesab edirəm ki, radikal müxalifətin xaricdən maliyyələşməsi də Azərbaycanın dövlət qurumları tərəfindən araşdırılacaq bir məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə