Elçin Mirzəbəyli: \"İranın Dağlıq Qarabağ məsələsinə münasibəti açıq-aşkar ortadadır\" - MÜSAHİBƏ

Elçin Mirzəbəyli: \"İranın Dağlıq Qarabağ məsələsinə münasibəti açıq-aşkar ortadadır\" - MÜSAHİBƏ

Bir neçə gün öncə Naxçıvanda İran, Azərbaycan, Türkiyə XİN-lərinin görüşü keçirilib. Görüşün tərəflər arasında qarşılıqlı əlaqələrin gedişatına təsiri haqda siyasi ekspert Elçin Mirzəbəyli SəsTV-yə müsahibə verib.


- Martın 7-də Naxçıvanda İran, Azərbaycan, Türkiyə xarici işlər nazirlərinin görüşü keçirildi. Görüş çərçivəsində Naxçıvan bəyannaməsi qəbul edildi. Bu görüş son dövrlərdə daha da gərginləşən İran-Azərbaycan münasibətlərinə yumşaqlıq gətirə bilərmi?

- Bu görüş çox əhəmiyyətli bir dövrdə keçirildi və vacib məsələləri əhatə edirdi. Lakin bütün görüşlərə sadəcə, nəticələrinə baxaraq qiymət vermək lazımdır. Bu görüşdə Azərbaycan üçün ən önəmli fakt Ərzurum-Naxçıvan qaz kəmərinin çəkilişi ilə bağlı razılığın əldə olunmasıdır. Çünki bu blokadada olan Naxçıvanın iqtisadiyyat sahəsində inkişafına kifayət qədər təsir göstərəcək və xarici dövlətlərdən enerji asılılığına son qoyulmuş olacaq. Digər tərəfdən, bəli, bu görüş ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi üçün xüsusi önən daşıyır. Çünki bir çox ölkələrlə əlaqələrin qurulmasında İran maneə rolunu oynayır. İran Azərbaycanla bağlı səmimi bəyanatlar verməyə çalışsa da nəticədə yeridilən siyasət bunun tam əksi olur. Görüş çərçivəsində İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan etdi ki, Azərbaycan, İran və Türkiyə üç bədəndə bir ruhdurlar. Lakin təəssüflər olsun ki, İran öz bəyanatına dönük çıxaraq Ermənistanla sərhəddə dostluq parkının açılmasına razılıq verdi. Əslində, bu İranın Azərbaycana qarşı yeritdiyi siyasətin əsl üzüdür və bu heç vaxt dəyişməyəcək. Üzdə ola bilər ki, İran bəzi məsələləri başqa cür təqdim etsin. Yəni İranda yaşayan 35 milyon azərbaycanlının narazıçılığına səbəb olmamaq üçün müxtəlif bəyanatlar verilə bilər. Lakin bu sadəcə formal xarakter daşıyır. Qəbul etmək lazımdır ki, İranın Azərbaycanın inkişafına, Dağlıq Qarabağ məsələsinə, Xəzərin statusuna və bir sıra digər məsələlərə mövqeyi və münasibəti açıq-aşkar ortadadır. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı verilən bəyanatlara deyil, atılan addımlara inanır. Bir sözlə, bu görüş İran-Azərbaycan münasibətlərinə müəyyən yumşaqlıq gətirsə də, İran öz qərəzli siyasətindən əl çəkməyəcək.


- Elçin müəllim, Əli Əkbər Salehinin də Azərbaycan əsilli olduğunu bilirik. Buna əsaslanaraq belə fikirlər səsləndirilir ki, görüşdə hər üç tərəf türk dilində danışa bilərdilər. Lakin ingilis dilinə üstünlük verildi. Səbəb nə idi?

- Mən güman edirəm ki, bu məsələdə də mane yaradan əsas İranın mövqeyi oldu. Beynəlxalq münasibətlərdə ingilis dili geniş istifadə olunan dildir. Təbii ki, biz istərdik ki, görüşdə eyni dilə danışılsın. Lakin təəssüflə də olsa qeyd etməliyik ki, İranın diplomatik korpusunun numayəndələri milli mənsubiyyətlərinə baxmayaraq fars rejiminin siyasətinə xidmət edirlər.


- Hazırda gündəmdə olan digər bir məsələyə, Azərbaycanın İsraildən silah almasına İranın narahatçılığı ilə bağlıdır. Niyə bu məsələ Rusiyanı, Türkiyəni deyil, məhz İranı bu qədər narahat edir?

- İranın bir siyasəti var, özünü guya müsəlmanların haqlarının müdafiəçisi kimi qələmə verməyə çalışır. Belə olduda, Ermənistanın işğalı altında olan torpaqlarımıza İranın gözü ilə baxmalı olsaq, Ermənistan müsəlman torpaqlarını işğal edib. Lakin buna baxmayaraq, İran Ermənistanla hər cür əlaqə qurur və müxtəlif sahələrdə əməkdaşlıq edir. İsrail dünyada ən müasir hərbi texnika avadanlıqları və silah-sursat istehsal edən dövlətdir. Əgər bu potensial İranda olsaydı, Azərbaycan bu alış-verişi İranla edərdi. Yəni Azərbaycana hansı dövlətdən alındığı məsələsi o qədər də önəmli deyil. Xatırladım ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və həmin ölkədə bazaları yerləşir. Lakin Azərbaycan Rusiyadan da silah alır. İranın bu sahədə verdiyi bəyanatlar isə adəti üzrə Azərbaycanı İranın daxilində gözdən salmağa hesablanıb.


- İrana qarşı Qərbin təzyiqləri getdikcə artır. Təbii ki, İranın nüvə silahı əldə etmək cəhdləri Qərbi narahat edir. Sizcə, İran nüvə silahı əldə edərsə bunun bölgədəki təsiri necə olar?

- İranın nüvə enerjisi əldə etməsində Qərbin narahatçılığı böyükdür. Azərbaycan və Türkiyə kimi bir sıra dövlətlər bu məsələyə fərqli yanaşırlar. Əgər İranda demokratik hakimiyyət mövcud olsaydı nüvə silahı əldə etməsinin heç bir ziyanı olmayacaqdı. Lakin İranın tutduğu yol və yeritdiyi siyasət hər bir dövləti özünü müdafiəyə vadar edir. Digər tərəfdən isə istənilən ölkədə nüvə silahının əldə olunması ciddi təhlükədir. Çünki bu çox ciddi fəsadlara yol aça bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə