“Xocalı faciəsi ərəfəsində konsert proqramı ilə çıxış edən sənətçilərin fəxri adları alınmalıdır\" - FOTO
"Xocalı faciəsi ərəfəsində konsert proqramı ilə çıxış edən sənətçilərin fəxri adları alınmalı, onların heç bir mediaya çıxarılmaması istiqamətində işlər aparılmalıdır. SİA-nın məlumatına görə, bu fikirlər Beynəlxalq Diaspora Mərkəzi (BDM), "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı (QAT) və Xocalıdan olan şəhid ailələrinin iştirakı ilə fevralın 27-də Sankt-Peterburqdakı Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti tərəfindən təşkil etdiyi konsertlə bağlı etiraz tədbiri zamanı səslənib.
Tədbirdə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev bildirib ki, şəxsiyyətini təsdiq edən sənəddə milliyyəti azərbaycanlı yazılan heç bir insan belə addımı atmamalıdır. O vurğulayıb ki, "Proqramda bir qrup özünü bu xalqın sənətçisi hesab edənlər - Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhiyayeva, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun iştirak edəcək. Bu işin təşkilatçısı olan qurumun rəhbəri Vaqif Məmişov şəxsi ambisiyalarından çəkməyərək, millətimizin ən ağır faciəli günündə belə bayram konsert proqramı keçirməkdədir".
İ. Ağayev qeyd edib ki, müğənnilər konsertdən imtina etməsələr, təmsil etdiyi qurum sərt aksiyalara başlayacaq: "Mədəniyyət və Turizm Nazirliyindən isə bu müğənnilərin niyyətindən daşınması üçün lazımı tədbirlər görməyə çağırırıq".
BDM-nin sədri bildirib ki, fevralın 26-da Moskavada ermənilər konsert verəcəklər. "Bununla bağlı biz onlara müraciət ünvanlamışıq ki, siz nəyə görə məhz həmin gün konsert verirsiniz? Əvəzində onlar bizə cavab olaraq bildirib ki, siz gedin əvvəlcə öz sənətçilərinizə baxın."
Toplantı zamanı "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu konserti təşkil edənləri və bu tədbirdə iştiraka razılıq verən azərbaycanlı müğənniləri nadan adlandıraraq qeyd edib ki, "Xalqın pulu hesabına varlanan bu cür müğənnilər millətin hissiyyatı ilə oynamaqla yanaşı, təhqirdən çəkinmirlər. Yaxşı bilirik ki, bu müğənnilər kimlərin hesabına tanınıblar".
Qarabağ Azadlıq Təçkilatının sədri Akif Nağı bildirib ki, orada oxuyan müğənnilərdən fəxri adlar alınmalıdır. QAT sədri, milli platformada dayanan insanların sayının artmasını müsbət dəyərləndirib və Azərbaycan xalqının soyqırımı günündə bu tip tədbirlərin keçirilməsinin ənənə halına almaması üçün tədbirlərə başlanmağın əhəmiyyətini vurğulayıb. Çıxışı zamanı A.Nağı müğənnilərə xəbərdarlıq da edib: "Vladimir Putini dəstəkləyən konsert keçirilməsi nə qədər düzgündür ki, bu hadisənin törədilməsində Rusiyanın rolu danılmazdır. Əgər xəbərdarlıqlara baxmasalar, onların Azərbaycandakı konsertlərinə mane törədiləcək. Bu, milli məsələdir və güzəşt yoxdur".
Toplantıda çıxış edən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyin sədri Şamil Ələkbərli isə qeyd edib ki, "Sankt-Peterburqda keçiriləcək məlum konsert təxirə salınmazsa biz o müğənnilərin evi qarşısında piketlər keçirəcəyik ki, qoy onların qohum-qardaşlaşları bu insanların necə vicdansız olduqlarını görsünlər".
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Azərbaycanın bu cür gənclərinin olduğundan utanc duyduğunu dilə gətirərək bildirib ki, belə bir konsertin reallaşması arzuolunmaz haldır. O qeyd edib ki, özünü azərbaycanlı hesab edən adamın bu cür addım atması milli qeyrətə sığmır: "Azərbaycanlıların qətlində rol oynayanlar üçün konsert proqramı təşkil etməyə ehtiyac varmı? Fikrimcə, bu məsələdə Rusiya xüsusi xidmət orqanlarının rolu ola bilər".
Tədbirin ən ağrılı məqamı hələ 8 aylıq ikən anası tərəfindən boğulan, lakin möcüzə nəticəsində sağ qalan Salatının çıxışı olub. Yaşananları bir nağıl kimi xatırlayan, lakin hadisə barəsində ətraflı danışan Salatın Əhmədova bildirib ki, o gecə Xocalıdan qaçıb canlarını qurtarmaq istəyən 200-dək xocalılının arasında anası Müşkünazla o da olub. Körpənin ağlamağından vahimələnən ana uşağın səs-küyü qaçan insanları ələ verməsin deyə Salatını son dəfə bağrına basaraq, səkkiz aylıq körpənin birdəfəlik susmasına çalışıb. Lakin Allahın möcüzəsi nəticəsində o canlı tarix kimi sağ qalıb. Toplantıda Salatının konsert verəcək sənətçilərə fəryad dolu sualı var idi, "Siz nəyə görə, məhz fevralın 27-si günü konsert verirsiniz? Axı o gün hələ bizim Xocalıda öldürülənlərimizin cəsədi yerdən yığılmayıb?! Bu hansı vicdana sığar ki, siz məhz həmin gün bu faciədən məsuliyyətli olan insanlar üçün konsert rəqs edib, oxuyursunuz?!".
Toplantıda çıxış edən digər Xocalı sakinləri konsertdə iştirak üçün dəvət olunan müğənnilərə və təşkilatçılara xəbərdarlıq ediblər. Tədbirdə konsertdə iştirak etmək istəyən müğənnilərin, aktyorlar Rafael və Coşqunun CD-ləri, fotoları məhv edilib.
Sonda konsertə etirazla bağlı Beynəlxalq Diaspora Mərkəzi, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi və Qarabağ Azadlıq Təşkilatı adından bəyanat ünvanlanıb.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB