Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanını ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun nümayəndə heyətinin üzvləri bu gün Fəxri xiyabana gedərək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirib, məzarın önünə gül dəstələri düzüblər.
Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olan insanların xatirəsinə dərin ehtiramlarını bildiriblər.
YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ramin Məmmədov SİA-ya bildirib ki, birlik öz beynəlxalq əlaqələrini genişləndirməkdə davam etdirir. Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun üzvlərinin ölkəmizə səfəridə buna bariz nümunədir. Onun sözlərinə görə, səfər çərçivəsində qonaqlar Azərbaycanda fəaliyyət göstərən bütün gənclər təşkilatları ilə, o cümlədən hakim partiyanın rəhbərliyi ilə görüş keçirəcək: \"Görüşlər zamanı tərəflər arasında müxtəlif sahələrdə əldə olunan təcrübələrini bölüşəcəklər\".
R. Məmmədov həmçinin bildirib ki, Makedoniya Türk Demokratik Partiyası Avropa Xalqları Partiyası çərçivəsində aparıcı rollardan birini oynayır.
Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun nümayəndə heyətinin üzvü Fuad Hacıeyyubov isə bildirib ki, səfərdə məqsəd Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə əlaqələri daha da gücləndirməkdən ibarətdir: "Bu Azərbaycana ilk səfərimdir. Bakı çox inkişaf etmiş şəhərdir. Hesab edirəm ki, görüşlərdə aparılan müzakirələr iki ölkənin gəncləri arasında yeni layihələrin təməlini qoyacaq. Birgə əməkdaşlıq nəticəsində biz Avropa Xalqları Partiyasında çox ciddi irəliləyişlərə nail ola bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB