Azərbaycanın baş prokuroru AŞPA həmməruzəçiləri ilə görüşüb

Azərbaycanın baş prokuroru AŞPA həmməruzəçiləri ilə görüşüb

Azərbaycanın baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb. Görüşdə baş prokuror AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib, prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, korrupsiya ilə mübarizə sahəsində görülən konkret işlər və bu sahədə qeyri-hökumət təşkilatları ilə birgə reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Zakir Qaralov Avropa hüquq təcrübəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prioritet vəzifə olduğunu diqqətə çatdırıb. O, respublikada İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, prokurorluq orqanları əməkdaşlarının insan hüquqlarının qorunması istiqamətində gördüyü işləri, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.


AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Pedro Aqramunt de Mora, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib. Təmsil etdiyi qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəklədiyini xüsusi qeyd edən qonaq bu sahədə hüquqi yardım göstərməyə daim hazır olduğunu diqqətə çatdırıb.


Görüşdə fikir mübadiləsi aparılıb və maraq doğuran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə