İkinci müddətə fəaliyyətə başlayan BMT başçısı qlobal problemlərin həllinə dair novator proqram təklif edib

İkinci müddətə fəaliyyətə başlayan BMT başçısı qlobal problemlərin həllinə dair novator proqram təklif edib

Baş katib Pan Gi Mun Baş Məclisə qarşıdakı beş il üçün iş planını təqdim edib. Planda beş yoluxucu xəstəlikdən ölüm hallarının kökünün kəsilməsi, uşaqların inkişafdan geri qalmasına, yoxsulluğa və aclığa qarşı, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə sahəsində tədbirlər nəzərdə tutulur. BMT-nin başçısı Antarktikanı ümumdünya təbii qoruğuna çevirmək niyyətində olduğunu bildirib və humanitar yardım sistemini möhkəmləndirəcəyini vəd edib.

O, qeyd edib ki, bütövlükdə bu plan əvvəllər elan edilmiş 5 prioritet əsasında qurulub: sabit inkişaf; münaqişələrin və böhranların, insan hüquqları pozuntularının və iqtisadi sarsıntıların qarşısının alınması tədbirlərinin gücləndirilməsi; daha təhlükəsiz dünya qurulması; keçid dövrünü yaşayan ölkələrə yardım göstərilməsi; qadınların və gənclərin hüquqlarının genişləndirilməsi.

Pan Gi Mun deyib: "Ekoloji, iqtisadi və sosial göstəricilər təsdiq edir ki, tərəqqinin indiki modeli qeyri-qənaətbəxşdir. İqlim dəyişikliyi sabit inkişafa doğru gedən yolumuzu dağıdır. Biz problemlərin artdığı və resursların getdikcə daha da məhdudlaşdığı bir dünyada yaşayırıq. Sabit inkişaf - kursumuzu təshih etmək imkanıdır".

O, Afrika problemlərinə daha çox diqqət yetirməyə və minilliyin inkişaf hədəflərini bu qitədə daha fəal irəlilətməyə çağırıb. BMT-nin başçısı yaxın beş ildə dünyada ölüm hallarının beş əsas səbəbini aradan qaldıracağını vəd edərək malyariyadan, polimielitdən, pediatiriyada immun çatışmazlığı virusundan, anaların və körpələrin tetanus xəstəliklərindən ölüm hallarına son qoymağı, qızılcadan ölüm hadisələrinin 95 faiz azalmasına nail olmağı qarşıya məqsəd qoyub.

Baş katib göstərib ki, qadınların və uşaqların sağlamlığının mühafizəsinə, milyonlarla ananın və körpənin həyatının xilas edilməsinə yönəldilmiş qlobal strategiyanın yerinə yetirilməsi sahəsində tədbirləri gücləndirmək lazımdır.

Pan Gi Mun yoxsulluğa və aclığa qarşı mübarizə planlarından danışarkən hazırda beş yaşınadək olan 170 milyondan çox uşağın inkişafdan geri qalması problemini həll edəcəyinə söz verib. O, hamı üçün universal təhsili təmin etməyə çağırmış və inkişaf sahəsində 2015-ci ildən sonra tətbiq ediləcək yeni hədəflərin işlənib hazırlanması istiqamətində fəaliyyətə başlayacağını vəd edib.

Baş katib insan hüquqlarının müdafiəsi məsələsinə preventiv yanaşma tətbiq edəcəyinə söz verib. O, bir daha bildirib ki, cəzasızlıq dövrü keçibr. Bununla əlaqədar olaraq Pan Gi Mun Beynəlxalq Cinayət Məhkəməsinin əhəmiyyətini qeyd edib və "müdafiəyə görə məsuliyyət" doktrinasına yeni ölçü verməyə çağırıb.

BMT başçısı deyib ki, daha qlobal, təhtəlhesab və etibarlı humanitar yardım sistemi yaradılmadan təhlükəsiz dünya qurmaq mümkün deyildir. O, ümumdünya humanitar sammiti çağırmaq niyyətində olduğunu bildirib.

BMT başçısı ümumi nüvə tərksilahı sahəsində işi irəliyə doğru aparacağını, nüvə terrorizmi və nüvə qəzaları təhlükələrinin ləğv edilməsinə nail olacağını vəd edib. Pan Gi Mun BMT-nin terrorizm üzrə vahid əlaqələndiricisi vəzifəsini yaratmağı və mütəşəkkil cinayətkarlığa qarşı, o cümlədən narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə və quldurluğa qarşı mübarizəni gücləndirməyi təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə