Nobel Sülh Mükafatı Komitəsinə Mixail Qorbaçova Nobel mükafatı verilməsi qərarının ləğvi barədə müraciət edilib
"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Nobel Sülh Mükafatı Komitəsinə müraciət edib. Birlikdən SİA-ya daxil olan məlumatda bildirilib ki, 20 Yanvar hadisələrinin ildönümü günlərində bu müraciəti edən birlik üzvləri, 1990-cı ilin oktyabr ayında keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Serqeyeviç Qorbaçova Nobel Sülh Mükafatının verilməsi barədə Komitənizin qərarına Nobelin vəsiyyətinə uyğunsuzluğu səbəbindən yenidən baxmağı və onu ləğv etməyi xahiş edirlər: "Biz tamamilə əminik ki, Qorbaçov əməllərinə görə nəinki həmin mükafata layiq deyildir, həm də bu ali mükafatın adına və şərəfinə, bütövlükdə Sizin Komitənin nüfuzuna xələl gətirir. Çünki bu şəxs sülhdən daha çox hərbi qarşıdurmaların və qırğınların səbəbkarıdır".
Qeyd olunub ki, M.S.Qorbaçovun ölkə prezidenti kimi 1990-cı ilin yanvar ayında SSRİ-nin, Azərbaycan SSR-nin Konstitusiyalarına və müvafiq beynəlxalq hüquqi aktların tələblərinə zidd olaraq Bakıya və Azərbaycanın bir sıra başqa şəhərlərinə qoşun yeridilməsinə və azadlıq, müstəqillik uğrunda dinc mübarizəyə qalxmış əhaliyə qarşı silah işlədilməsinə dair əmr verməsi nəticəsində ölkənin paytaxtında və digər şəhərlərində əksəriyyətini qadınların, uşaqların, qocaların təşkil etdiyi 170 nəfər vəhşicəsinə öldürülüb. Onlarla insan yaralanmış, itkin düşüb, 700-dən artıq adam həbs olunub, ölkəyə və vətəndaşlara olduqca böyük maddi və mənəvi ziyan vurulub: "Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın ondan qoparılması istiqamətində Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində iki qonşu ölkə arasında 20 mindən artıq insanın öldürülməsinə, yüz minlərlə adamın yaralanmasına, itkin, əsir düşməsinə, ölkəyə 60 milyard dollardan artıq maddi ziyan vurulmasına gətirib çıxarmış Ermənistan-Azərbaycan müharibəsinin səbəbkarı da məhz Qorbaçovdur. Azərbaycandan əlavə, ölkəyə rəhbərlik etmiş şəxs kimi Qorbaçov həm də Vilnüsdə, Tbilisidə, Çeçenistanda, Tacikistanda, Abxaziya və Osetiyada da çoxsaylı insan tələfatına səbəb olmuş hadisələrin baş verməsinə bilavasitə cavabdehlik daşıyır. Belə əməl sahibinə isə Nobel Sülh Mükafatı kimi yüksək mükafatın verilməsi yolverilməzdir. Əksinə, çoxsaylı insanın məhvinin səbəbkarı olduğu üçün Mixail Qorbaçov beynəlxalq məhkəmə qarşısında cavab verməli və cəzalandırılmalıdır".
İctimai Birlik Komitəni 22 il əvvəl verilmiş qərara yenidən baxmağa və mükafatın M.S.Qorbaçovdan geri alınması istiqamətində tədbirlər görməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB