Türkiyə XİN: “Bu, Fransa siyasəti üçün son dərəcə uğursuz bir addımdır”

Türkiyə XİN: “Bu, Fransa siyasəti üçün son dərəcə uğursuz bir addımdır”

"Bu, Fransa siyasəti üçün son dərəcə uğursuz bir addımdır". SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin Fransa senatında qəbul edilən, qondarma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı yaydığı açıqlamada göstərilib.

XİN birtərəfli mövqe tutaraq tarixi hadisələri şərh edən, başqa xalqları ittiham edən, beynəlxalq hüququn əsaslarına əhəmiyyət verməyərək soyqırımı kimi ciddi bir cinayət üzrə hökm çıxaran fransız siyasətçilərinin mövqelərinə heç cür haqq qazandırılmasının mümkün olmadığını bildirib. Açıqlamada deyilir ki, alınan qərar ifadə azadlığı və elmi araşdırma azadlığına zərbə vurub. Bütün cəhdlərə və xəbərdarlıqlara, aparıcı fransız qurum və hüquqşünaslarının mövqelərinə rəğmən Türkiyə ilə Fransa arasındakı tarixi və çoxtərəfli əlaqələrin daxili siyasətə qurban edilməsindən təəssüf hissi keçiririk. Bunun məsuliyyətinin kimə aid olduğu məlumdur.

XİN qanunun qüvvəyə minməsi halında əvvəlcədən düşünülmüş tədbirlərin həyata keçiriləcəyini bir daha xatırladıb. Nazirlik yersiz iddialara qarşı müdafiənin davam etdiriləcəyini də bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə