Kənd Təsərrüfat Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib

Kənd Təsərrüfat Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib

Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. SİA-ın xəbərinə görə, anım tədbirində çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov faciənin tarixinə nəzər salaraq ətraflı şəkildə fikirlərini bölüşüb. 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu deyən nazir vurğulayıb ki, bu faciə Azərbaycan tarixinə hüzn günü kimi daxil olsa da müstəqillik yolunda yeni mərhələyə çevrilib.

Onun sözlərinə görə, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları müstəqillik arzusu ilə ayağa qalxmış xalqımıza qarşı vəhşilik törədiblər. Bu dəhşətli hadisədə 131 nəfər heç bir günahı olmadan qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, yüzlərlə bina dağıdılıb: "Baş vermiş qanlı olaylardan dərhal sonra ürəyi hər an Azərbaycanla birgə döyünən ümummilli lider Heydər Əliyevin respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd edib.

Vətənə qayıdandan sonra Azərbaycan Respublikasının milli-tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzlərinin-bayrağın, gerbin və himnin qəbuluna nail olan Naxçıvan MR Ali Sovetinin xalq deputatı Heydər Əliyev 20 yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsi, günahkarların cəzalandırılması barədə təkliflə Azərbaycan rəhbərliyi qarşısında məsələ qaldırıb. Həmin günün tarixi əhəmiyyəti həm də onda olub ki, sovet rejimi bu cinayəti törətməklə xalqımızla özü arasında bütün körpüləri yandırdı, artıq ən loyal azərbaycanlı belə həmin ordunun ona düşmən olduğunu anladı, daxilən sarsıldı, törədilən cinayətləri nə özünə, nə də ətrafdakılara izah edə, bu rejimə haqq qazandıra bilmədi. Bütün Azərbaycan cəmiyyəti, onun siyasi elitası sovet imperiyasının aşkar iflasını tam çılpaqlığı ilə dərk etdi".

İsmət Abasov Ulu öndər Heydər Əliyevin faciəni törədənlərin adlarını açıq şəkildə bildirdiyini, onların cəzalandırılmasını tələb etdiyini də xüsusi vurğulayıb. O, məhz Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sərəncamların şəhidlərin xatirəsinə böyük ehtiram olduğunu bildirib: "İnanırıq ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda torpaqlarımız işğaldan azad olacaq. Bununla da şəhidlərin qanı yerdə qalmayacaq və onlar rahat uyuya biləcəklər".

Tədbirin davamında çıxış edən natiqlər də faciə ilə bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə