İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Uşaq Nevroloji Xəstəxanası ilə tanış olub
Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmirdən sonra dekabrın 27-də istifadəyə verilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verib. Bildirilib ki, Uşaq Nevroloji Xəstəxanası SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda 1980-ci ildə istifadəyə verilib. Xəstəxananın açılış mərasimində xalqımızın ümummilli lideri Heydər Əliyev iştirak edib. Qeyd olunub ki, xəstəxananın altımərtəbəli binasında əsaslı təmir işlərinə bu ilin fevralından başlanıb, yüksək səviyyədə başa çatdırılıb. Prezident İlham Əliyev və xanımı foyedə ulu öndər Heydər Əliyevin iştirakı ilə xəstəxananın 1980-ci ildə açılışını, eləcə də dövlətimizin başçısının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafındakı xidmətlərini əks etdirən fotolara baxıblar. Xəstəxananın birinci mərtəbəsində yaradılmış şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, burada poliklinika-diaqnostika, kompyuter-tomoqrafiya, ultrasəs müayinəsi, elektroensefaloqrafiya, elektrokardioqramma və digər şöbələr fəaliyyət göstərir. Dövlətimizin başçısı və xanımı altıncı mərtəbədə müalicə-bərpa şöbəsində yaradılmış şəraitlə tanış olublar. İkinci mərtəbədə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bildirildi ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyator və sair avadanlıq quraşdırılıb. Xəstəxanadakı müasir tələblərə cavab verən bütün avadanlıq İtaliya, Türkiyə, Yaponiya istehsalıdır. Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB