Cümşüd Nuriyev: “Rusiya münaqişənin həlli üçün Azərbaycan və Ermənistana imkan vermir”

Cümşüd Nuriyev: “Rusiya münaqişənin həlli üçün Azərbaycan və Ermənistana imkan vermir”

Dağlıq Qarabağ münaqişəsini məhz Rusiya yaradıb və rəsmi Moskva istəmədikcə, bu münaqişə öz həllini tapmayacaq. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev son zamanlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda həmsədr dövlətlərin mövqeyinə münasibət bildirərkən deyib.

Belə ki, ABŞ başda olmaqla bir sıra beynəlxalq güclər münaqişənin həlli məsələsini indiyədək bir neçə dəfə qaldırsalar da, Rusiyanın mane olması səbəbindən münaqişənin həlli mümkün olmayıb. Lakin hazırda beynəlxalq güclərin diqqəti regionda cəmləşməyə başlayıb: "Bu da enerji resursları ilə bağlıdır. Yəni "NABUCCO" layihəsi. Hətta Azərbaycanın "NABUCCO"ya qoşulması, yəni "Transxəzər" qaz kəməri layihəsinin çəkilməsi belə, Rusiya Təhlükəsizlik Şurasında müzakirə olunub. Əgər belə bir müzakirə aparılıbsa, Rusiya məsələyə bu dərəcədə ciddi yanaşırsa, demək, hər şey gün kimi aydındır. Həmçinin Dağlıq Qarabağ münaqişəsində vasitəçi olan ölkələrin, o cümlədən Rusiyanın münaqişənin həlli üçün Azərbaycan və Ermənistana imkan vermir. Əgər belə bir imkan verilsə, Azərbaycan bir həftə ərzində Ermənistanı öz yerində oturtmaq iqtidarındadır".

Amma bu addımı atmağa ilk növbədə Rusiya maneçilik törədir. Politoloq hesab edir ki, Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja dəfələrlə Azərbaycanı hədələyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli məsələsinin gündəmə gəlməsinin əleyhinədir. Rusiyanın baş naziri Vladimir Putin dəfələrlə diplomatik yollarla Azərbaycanı bu və ya digər formada təhdid edib. Faktiki olaraq Ermənistan Rusiyanın \"forpost\"udur və Ermənistana hərtərəfli yardım edir.

Politoloq qeyd edib ki, bu gün də Rusiya Ermənistanda hakimiyyətə o adamları gətirir ki, onlar əslən qarabağlıdır və Azərbaycana qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak ediblər: "Rusiyada hesab edirlər ki, bu tip insanlar Dağlıq Qarabağın və ətraf rayonların qaytarılmasına heç cür razı olmazlar. Yəni Rusiya bir növ arxayındır. Belə olan təqdirdə iki ölkə necə razılığa gələ bilər axı?! Bu mümkün deyil. Ona görə də Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda heç bir irəliləyiş olmur. Bunun da səbəbkarı bilavasitə Rusiyadır".

Bütün xəbərlər Facebook səhifəmizdə