Bu gün Aşura Günüdür

Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1368 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər. Qeyd edək ki, dünyanın bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedir, Allaha xətir nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır. Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək. Səhiyyə Nazirliyinin SİA-ya verilən məlumata görə, bu gün "Təzəpir" məscidi, "Hacı Soltanəli" məscidi, "Bibiheybət" məscidi, İçərişəhər "Cümə" məscidi, "Qaraçuxur" məscidi, "Mirmövsüm Ağa" məscidi, Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər "Cümə" məscidi, Gəncə şəhər "İmamzadə" məscidi, Mingəçevir şəhər "Heydər" məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər "Böyük Bazar" məscidi, Bərdə şəhər "Cümə" məscidində təşkil olunacaq. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə