İlham Əliyev Əlcəzairin ölkəmizdəki səfiri Mouloud Hamainin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mouloud Hamainin etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, səfir Mouloud Hamai fəxri qarovul dəstəsinin qarşısından keçib. Mouloud Hamai etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Əlcəzair hökumətinə təşəkkürünü bildirib. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Mouloud Hamainin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini qeyd edib. Səfir Mouloud Hamai Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib. Dövlətimizin başçısı Prezident Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB