Prezident İlham Əliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak edib
Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi olub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı kitabxananın eskiz layihəsi ilə tanış olub. AMEA-nın prezidenti Mahmud Kərimov və layihənin icraçısı "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev məlumat veriblər ki, kitabxana üçün 0,9 hektar torpaq sahəsi ayrılıb. Binanın ümumi tikinti sahəsi isə 24 min 180 kvadratmetrdir.
Bildirilib ki, kitabxanada yaradılacaq qapalı və xüsusi şəraitli fondlar 3 milyon 500 min nüsxə ədəbiyyatın saxlanılması üçün nəzərdə tutulub. Fondlar xüsusi havalandırma sistemləri ilə təchiz olunacaqdır. Açıq kitab fondları isə mərtəbələr üzrə mövzulara uyğun yerləşdiriləcək və burada ümumilikdə bir milyonadək nüsxə ədəbiyyatın saxlanılması mümkün olacaqdır. Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcəkdir. Abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanıb.
Birinci mərtəbədə muzey, gözləmə zalları və kafeteriya olacaqdır. Kitabxanada xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları da fəaliyyət göstərəcəkdir. Burada elektron axtarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, mini mətbəə, kitab və sənədlərin çeşidlənməsi və dəstləşdirilməsi otaqları, kartoteka, arxiv yerləşəcəkdir. Kitabxananın ikinci mərtəbəsində isə kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları nəzərdə tutulub. Digər mərtəbələrdə də konfrans, dissertasiya, elektron nəşrlər və oxu zalları istifadəçilərin ixtiyarına veriləcəkdir.
Dövlətimizin başçısına məlumat verilib ki, kitabxanada, həmçinin elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çertyojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaqdır. Bundan əlavə, kitabxanada beynəlxalq mübadilə, dəstləşdirmə, elmi-informasiya, elmi-biblioqrafiya, kitabxanaçılıq və informasiya, yüksək informasiya və kommunikasiya şöbələri fəaliyyət göstərəcəkdir. Şöbələrin nəzdində isə dəqiq, humanitar və ictimai elmlər, siyasi, biblioqrafiya, akademiklər, neft kimyası, azərbaycanşünaslıq mərkəzi, elektron kataloq tərtibatı, nadir və qiymətli nəşrlər, incəsənət, xəritə və çertyojlar, təbiət və texniki elmlər, ictimai və humanitar bölmələri də fəaliyyət göstərəcəkdir. Burada, həmçinin linqvistik mərkəz də yaradılacaqdır. Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaqdır. Kitabxananın 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb.
Dövlətimizin başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə