Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il oktyabrın 28-də imzaladığı Sərəncamla hər il bu gün Bakı metropolitençilərinin peşə bayramı günü kimi qeyd edilir.
Metropolitenin tikintisi ideyası hələ keçən əsrin 30-cu illərində Bakının yenidənqurulmasının baş planında nəzərdə tutulub. Bu barədə qərar isə 1947-ci ildə qəbul edilmiş və işlərə başlanılsa da bəzi səbəblər üzündən bir müddətdən sonra dayandırılıb. Tikinti işlərinin bərpası yalnız 1961-ci ildə mümkün olub. Metro inşaatçılarının böyük zəhməti sayəsində 1967-ci ilin noyabrın 6-da Bakı Metropoliteninin Bakı Soveti-Nərimanov sahəsində 5 stansiyalıq birinci növbəsi işə salınıb. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi. 1969-cu ildə Bakı Metropoliteninin tikintisi tarixində yeni mərhələnin başlanğıcı qoyulub. Hazırda Bakı metrosunun tarixinin böyük bir hissəsi və burada fəaliyyət göstərən 22 stansiyadan 15-i məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 70-ci illərdə \"Ulduz\", \"Məşədi Əzizbəyov\", \"Qara Qarayev\", \"Neftçilər\", \"Nizami\", daha sonrakı dövrlərdə \"Bakmil\", \"Elmlər Akademiyası\", \"İnşaatçılar\", \"20 Yanvar\", \"Memar Əcəmi\", 1989-cu ildə isə \"Xalqlar Dostluğu\", \"Əhmədli\" stansiyaları istifadəyə verilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra isə metropolitenin həyatında növbəti mərhələ başlayıb. Məhz ulu öndərin nüfuzu sayəsində tikintisi yarımçıq qalmış \"Həzi Aslanov\" stansiyasında inşaat işlərinin başa çatdırılması üçün Avropa İttifaqı tərəfindən ölkəmizə təmənnasız qrant vəsaiti ayrılıb və bu stansiya 2002-ci ildə tikilib istismara verilib. Bundan başqa, metropolitendə istismar olunan vaqon parkının yeniləşməsi üçün yeni vaqonlar alınaraq sərnişinlərin istifadəsinə verilib. 2008-ci ildə metronun \"Nəsimi\", 2009-cu ildə \"Azadlıq prospekti\" stansiyaları, \"28 May\" stansiyasının yeni keçidi xidmətə açılıb. 2008-ci ildə \"İçərişəhər\" stansiyası tam yenidən qurulub, cari ildən isə \"Məşədi Əzizbəyov\" stansiyasında yenidənqurma işlərinə başlanılıb. Dövlət başçısının rəhbərliyi ilə cari il noyabrın 4-də keçirilmiş iclasda iki il əvvəl imzalanmış \"Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında\" Sərəncamından irəli gələn metronun 20 illik perspektiv inkişafı planının müzakirə olunması ölkə rəhbərinin nəqliyyatın bu növünə xüsusi diqqət və qayğısının bariz nümunəsidir. İndi metropolitenin tikintisi ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin artırılması, metro işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB