Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinə Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleksdə 30 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri yaradılıb. Müasir dizaynı ilə seçilən fəvvarələr kompleksə xüsusi gözəllik verir.
Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi əsaslı yenidənqurmadan sonra xüsusi görkəm alıb. Mərkəz istər tərtibat, istərsə də forma baxımından diqqəti cəlb edir.
Bildirilib ki, 2011-ci ildə əsaslı yenidənqurma işləri aparılmış mərkəzdəki muzeyin 9 bölməsində ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən 200-dən çox eksponat nümayiş etdirilir. Orijinallığı ilə seçilən eksponatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin mənalı həyatını və zəngin fəaliyyətini dolğun əks etdirir. Eksponatlardan da göründüyü kimi, ümummilli lider hələ sovetlər dövründə böyük uzaqgörənliklə və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb.
Burada üç böyük salondan ibarət möhtəşəm kompleks yaradılıb. Salonlarda elektron kitabxana, ideoloji mərkəz, muzey, uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş–Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu "Azəryolservis" ASC inşa edib.
Qeyd edilib ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Yenidənqurma işlərində 30 min tonadək asfalt-beton qarışığından istifadə olunub. Cari ilin iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılıb.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB