Şimal rayonlarına qar yağdı

Ötən axşamdan etibarən Şimal rayonlarında hava şəraiti kəskin şəkildə dəyişilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Qubanın dağlıq ərazilərinə yenidən qar yağıb.

Yeni mövsümdə Qubaya ilk qar oktyabrın 1-i gecə saatlarında yağıb. Xınalıq, Qırız, Buduq, Haput kimi 10-dan çox ucqar yaşayış məntəqəsi 10-15 sm qalınlığında qara bürünüb. Artıq hava birdən-birə soyuq olduğu üçün Qubanın Qəçrəş kəndinə qədər yaxınlaşıb. Quba Regional Hidrometerologiya Mərkəzindən verilən məlumata görə, şimal istiqamətindən ölkəmizin ərazisinə daxil olan soyuq və yağıntılı hava kütləsi bölgədə havanın temperaturunu 15-20 dərəcə enməsinə səbəb olub. Ucqar kəndlərin sakinləri isə qarlı günlərin əvvəlki illərlə müqayisədə bu il daha tez başlamasından narahatdır. Erkən yağan qar qışlaqlara köçməkdə olan heyvandarlar üçün daha çox çətinlik yaradıb.Yağıntı ilə əlaqədar çaylarda suyun həcmi artıb. Yağan qar əvvəl rayondan 50 km uzaqlıqda yağdığı halda indi qar rayona 15 km qədər yaxınlaşıb.

Dağ yollarında avtomobillərin hərəkətinin bərpa edilməsi məqsədilə müvafiq tədbirlər görülür. Quba Regional Hidrometreologiya Mərkəzindən isə bildirilib ki, bölgədə qeyri-sabit hava şəraiti noyabrın 5-dək davam edəcək.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə