Azərbaycan terrorçuluğa qarşı haqlı mübarizədə Türkiyəni dəstəkləyir
İzmirdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçirilib. Şuranın iclasından sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Van vilayətində baş vermiş zəlzələdən sonra Azərbaycanın bölgəyə göndərdiyi ilk yardıma görə prezident Əliyevə minnətdarlığını bildirib.
"Bu gün çox önəmli hadisələrə şahid olduq. Bu, təxminən 5 milyard dollarlıq bir investisiyadır. Belə bir investisiyanın ölkəmizə gəlməsi istər cari kəsirin qapadılması nöqteyi-nəzərindən, istərsə də "qazan-qazan" prinsipi nöqteyi-nəzərindən həm türk, həm də Azərbaycan iqtisadiyyatına çox şey qazandıracaq", deyə baş nazir bildirib.
Baş nazir iki ölkənin əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, iki ölkənin əlaqələri bundan sonra daha da güclənəcək. Baş nazir Dağlıq Qarabağ probleminin "mümkün qədər tez ədalətli şəkildə başa çatmasını" istədiklərini bildirib. "Problemin ədalətlə nəticələnməsi bölgədə çox güclü inkişafa səbəb olacaq. Bu, sadəcə Azərbaycanın deyil, Türkiyənin və türk dünyasının da müştərək problemidir".
Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının gələn il Azərbaycanda keçiriləcəyini və həmin toplantının gündəliyi daha zəngin olacağına ümid etdiyini bildirib.
Mətbuat konfransında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Vanda baş vermiş zəlzələyə görə, Azərbaycan xalqı adından türk xalqına başsağlığı verib. Prezident Əliyev bu ağır gündə də Türkiyənin yanında olduqlarını vurğulayıb. "Müstəqilliyimizin 20 ili Türkiyə-Azərbaycan qardaşlığının illəri olub. Ən çətin, ən ağır illərimizdə Türkiyə bizim yanımızda olub. Bizim ölkələrimizi birləşdirən güclü tarix, güclü mədəniyyətdir. Bizim ölkələrimizi birləşdirən insanlarımızın bir-birinə olan məhəbbəti, qəlbindəki sevgidir. Və bizi birləşdirən-strateji müttəfiqliyimizdir. Biz bütün sahələrdə dost, qardaş kimi hərəkət edirik. Bu gün biz bu qardaşlığı yeni formatda formalaşdırdıq. Strateji Əməkdaşlıq Şurasının bu günkü iclasında əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər bundan sonrakı dövr üçün bir tövsiyədir. Bundan sonra bütün sahələrdə əməkdaşlığımız daha da dərinləşəcək. Türkiyə üçün çox ağrılı məsələ olan terror probleminin həllində də Azərbaycan daima Türkiyənin yanında olub və terroristlərə qarşı haqlı mübarizədə Azərbaycan Türkiyənin bütün addımlarını dəstəkləyir və müdafiə edir. Azərbaycanın tarixindəki ən böyük yatırım, yəni sərmayə qoyuluşu layihəsi - PETKİM layihəsidir. Türkiyə bizim doğma vətənimizdir, ona görə də biz bu layihəni burada həyata keçirməkdən çox məmnunuq. Bu layihə həm Azərbaycanın, həm Türkiyənin dünyadakı mövqeyini daha da gücləndirəcək. Türkiyə dünya siyasətinin güc mərkəzlərindən biridir. Dünya iqtisadiyyatındakı böhranlara baxmayaraq, Türkiyədə gördüyüm nailiyyətlər bizi çox sevindirir. Şuranın toplantıları ildə ən azı bir dəfə keçiriləcək. Növbəti toplantını Azərbaycanda keçirəcəyik. Çalışmalıyıq ki, növbəti toplantılarda əməkdaşlıq formatını daha da genişləndirək", deyə prezident Əliyev bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB