BMT Təhlükəsizlik Şurasına Azərbaycanın üzv seçilməsi üzrə səsvermə 24 oktyabrda baş tutacaq
Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvülüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb. Ölkələrdən heç biri BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib. SİA-nın verdiyi məlumata görə, seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb.
Nəticədə səsvermənin bazar ertəsinə (24 oktyabr) keçirilməsi haqqında qərar qəbul edilib.
BMT TŞ beş - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin - daimi və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. "Böyük beşlik"dən fərqli olaraq, qeyri-daimi üzvlər veto hüququna malik deyillər.
Seçkilərə namizədlər regional qruplar tərəfindən irəli sürülür. Afrika və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürüb. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqodur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriyanın tərk edəcəyi yerlər uğrunda mübarizə aparırlar.
İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia edir.
Braziliyanın tərk edəcəyi yerə yalnız bir ölkə - Qvatemala öz namizədliyini irəli sürüb.
Reqlamentə əsasən, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir.
Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olub.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB