Milli Məclisin spikeri Oqtay Əsədov bu gün Abdullah Güllə görüşəcək
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkiyəyə rəsmi səfəri davam edir. Azərbaycanın Türkiyədəki səfirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Ankaranın Yenimahalle bölgəsində Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib.
Sonra Yenimahallede yerləşən Heydər Əliyevin adını daşıyan orta məktəb ziyarət edilib, Oqtay Əsədov sözügedən məktəbə müxtəlif cür texniki tədris avadanlıqları hədiyyə edib. Daha sonra Heydər Əliyev Məktəbinin şagirdləri heyət üçün kiçik səhnəcik və musiqi kompozisiyası nümayiş etdiriblər. Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin tarixi birinci binası ilə tanış olublar. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov səfirliyimizdə nümayəndə heyətinin şərəfinə nahar yeməyi verib.
Bu gün Bakı vaxtı ilə 18.30-da Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB