Əfqanıstanda təyyarə qəzası zamanı həlak olmuş şəxslərin ailə üzvlərinə kompensasiya ödəniləcək

Əfqanıstanda təyyarə qəzası zamanı həlak olmuş şəxslərin ailə üzvlərinə kompensasiya ödəniləcək

\"Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olan şəxslərin ailə üzvlərinə kompensasiyaların verilməsi gözlənilir\". SİA-nın xəbərinə görə, bu barədə \"Silk Way" aviaşirkətinin baş direktoru Şəmsəddin Mirsalamov məlumat verib. O bildirib ki, kompensasiyalar tam həcmdə Əfqanıstanda yaradılan komissiyanın yekun rəyindən sonra veriləcək: "Qəzanın səbəbləri ilə bağlı araşdırmanın yekun nəticəsi gözlənilir. Ödənişlərin həcmi həlak olanların ailə üzvlərinin sayından və digər amillərdən asılı olaraq 80 mindən 100 min manatadək təşkil edəcək".

Qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov isə bildirib ki, hələlik kompensasiya həlak olduğu təsdiqlənən 4 nəfərin ailəsinə bütöv şəkildə veriləcək: \"Qalan 5 nəfər isə rəsmi olaraq itkin düşmüş sayılır, onların həlak olan hesab edilməsi üçün müəyyən vaxt və hüquqi prosedur tələb olunur\".

Xatırladaq ki, Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus "İL-76" təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən təyyarənin göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan "İl-76" təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır. Ekipaj üzvlərindən dördünün cəsədi tapılıb, digər 5 nəfər isə itkin düşmüş hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə