Prezident İlham Əliyev: “2013-cü ilin sonuna qədər şəhərimizin su problemi birdəfəlik öz həllini tapmalıdır” - FOTO
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
SİA-nın verdiyi xəbərə görə, prezident qəsəbə sakinləri ilə görüş zamanı deyib ki, iki ay ərzində 16 kilometr qəsəbədaxili yeni yollar çəkilib. Başqa qəsəbələrdə olduğu kimi, Binəqədi qəsəbəsində də çox sürətli inkişaf gedir. Bakıətrafı qəsəbələrin inkişafı proqramı icra edilir. Proqram çox dəqiqdir və konkret xarakter daşıyır. Nəinki yollar, bütün infrastruktur yeniləşəcək. "Elektrik xətləri, qaz təchizatı məsələləri tədricən həll olunur. Mənə deyilənə görə, bu məsələlərlə bağlı ciddi problem yoxdur. Əminəm ki, bütün bu məsələlər müəyyən edilmiş vaxtda həll olunacaq".
Prezident bildirib ki, Bakı qəsəbələrinin inkişafı Proqramı iki il yarımı əhatə edir. "Yəni, biz qarşımıza çox böyük və məsuliyyətli vəzifə qoymuşuq ki, iki il yarım ərzində Bakının bütün qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Artıq proqramın icrası, ilkin addımlar onu göstərir ki, biz işimizi yüksək templərlə aparırıq". Prezident yeni məktəbin tikintisi üçün yer müəyyən edilməsinə dair göstəriş verdiyini deyib. Dövlət başçısının sözlərinə görə, ilin sonuna qədər 50-dən çox məktəb əsaslı təmir olunub istifadəyə veriləcək.
"Bütün bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar həyatda öz həllini tapır. Bu proqramların başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha da yaxşı yaşasın, bütün sosial məsələlər, infrastruktur, insanları narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin mərkəzində, kənarında da, ətraf qəsəbələrdə də şəhər mərkəzindəki kimi şərait olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin, bütün infrastruktur layihələrinin həll olunması bizim vəzifəmizdir. Həm bölgələrdə, həm Bakıda və həm də Bakı qəsəbələrində".
İlham Əliyev qeyd edib ki, hər bir vətəndaş görə bilər ki, onun qəsəbəsində, kəndində nələr baş verəcək. "Biz məsələyə realist nöqteyi-nəzərdən yanaşmalıyıq. Proqrama əlavələr də edilə bilər, edilməlidir də. Parkların salınmasına mən həmişə böyük həvəslə yanaşıram. Bakının mərkəzindəki bütün parklar demək olar ki, yenidən qurulub. Yeni parklar da salınır. Çalışırıq ki, şəhərimizi maksimum dərəcədə yaşıllaşdıraq. Çünki bu yaşıllıq ekologiya, sağlam həyat deməkdir. Əgər belə təklif varsa, əlbəttə ki, məmnuniyyətlə buna baxacağıq", prezident bildirib.
Dövlət başçısı deyib ki, dəmiryolçular parkı yenidən qurulacaq. "Burada da park salınmasına mən müsbət baxıram. O ki qaldı su xətlərinə, 2013-cü ilin sonuna qədər şəhərimizin su problemi birdəfəlik öz həllini tapmalıdır. Bu, bizim üçün ən böyük problemdir. Bu da təbiidir, çünki Abşeron yarımadasında su ehtiyatları azdır, demək olar ki, yoxdur. Bura gələn xətlər, vaxtilə çəkilmiş xətlərin bir hissəsi köhnəlib, bir hissəsində təmizləyici qurğular sıradan çıxıb. Ona görə bu, böyük vəsait və zaman tələb edən məsələdir. "Ancaq məsələ elə qoyulub ki, nəinki Bakı və ətraf qəsəbələrin, bütün rayonlarımızın içməli su ilə təminatı və kanalizasiya problemi 100 faiz həll edilməlidir. Ona görə bu məsələlər proqramda da var, əlavə vəsait də ayrılıb", o bildirib.
Prezident deyib ki, bu ilin dövlət büdcəsinə də düzəlişlər edilib və ilk növbədə, su layihələrinin həll olunmasına vəsait ayrılıb. Oğuz-Qəbələ su xətti də yeni mənbənin, necə deyərlər, aşkarlanması nəticəsində reallaşıb. Layihənin üstünlüyü ondadır ki, bu mənbə Azərbaycanın daxilində mövcuddur. Oğuz-Qəbələ xəttinin üstünlüyü ondadır ki, bu, artıq Azərbaycan ərazisində formalaşır və orada çox böyük mənbə vardır, ehtiyat böyükdür. O bu məsələnin həll ediləcəyinə əmin olduğunu bildirib.
İlham Əliyev uşaq bağçalarının tikintisinə böyük ehtiyac olduğunu deyib. "Mənə verilən məlumata görə bizdə bu bağçalar ehtiyaclarımızı demək olar ki, haradasa 20 faizdən aşağı səviyyədə təmin edir. Ona görə növbəti illərdə bağçalar həm təmir edilməli, həm də tikilməlidir. Siz indi neçə bağçanı təmir etdirirsiniz?"
Hacıbala Abutalıbov: 57 bağça əsaslı təmirdədir.
Prezident İlham Əliyev: 57. Amma hələ nə qədər tikilməlidir, bəlkə də ondan iki dəfə çox. Yəni, bu, bizim proqramlarımızda var və o cümlədən Binəqədi qəsəbəsində, burada bağça da, məktəb də tikilməlidir. Çünki üstünlüyümüz ondadır ki, bizdə əhali ildən–ilə artır. Yəni, buna daha da böyük ehtiyac olacaq. Mən maraqlandım, bu məktəb 30-cu illərdə tikilib.
Hacıbala Abutalıbov: 1936-cı ildə.
Prezident İlham Əliyev: Deyirlər ki, o vaxt orada 300 şagird oxuyub. İndi 2 min 300, 10 ildən sonra o məktəbdə bəlkə də 3 min şagird oxuyacaq. İndi Allaha şükür olsun ki, əhalimiz artır, uşaqların sayı çoxalır. Ona görə, bu məsələlərlə məşğul olacağıq və bunu nəzərə alın.
Prezident vurğulayıb ki, iqtisadi islahatlar aparılır, enerji sahəsində imkanlar var. "Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olacaq. Ancaq bu inkişafı dayanıqlı, uzunmüddətli etmək üçün mütləq peşəkar kadrlar lazımdır. Vətənpərvər, Vətənə, millətinə bağlı olan gənc nəsil yetişir. Ancaq bununla bərabər onlar bilikli, savadlı olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, harada biliyə, savada, elmə, təhsilə diqqət göstərilirsə, orada inkişaf var. Dünyada ən inkişaf etmiş ölkələr onlardır ki, orada təhsilin səviyyəsi yüksək xətdədir. Neftlə, qazla zəngin olan ölkələr bəzi hallarda çətin vəziyyətdədirlər, bəzi hallarda orada təbəqələşmə gedir, yoxsulluq çoxdur. O ölkələr ki, təhsildə uğur qazanıblar, inkişaf oradadır və bu, gələcəkdə özünü daha da çox büruzə verəcək".
Dövlət başçısı qeyd edib ki, bu gün İKT sahəsində görülən işlər ölkələrin gələcəyini müəyyən edəcək. Kim ki, o sahədə bilikli və bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi daha da güclü olacaq. Təbii sərvətlər gec-tez tükənir. "Bizim üstünlüyümüz ondadır ki, bu, var və biz o imkanlardan səmərəli istifadə edirik. Ancaq, eyni zamanda, bu kapitalı "insan kapitalına" investisiya kimi qoyuruq".
İlham Əliyev bildirib ki, müəllimlərin üzərinə bəlkə də ən böyük vəzifə düşür. "Mən yeni dərs ili ərəfəsində bu fürsətdən istifadə edərək, bütün Azərbaycan müəllimlərini salamlamaq, onlara cansağlığı, uğurlar arzulamaq istəyirəm", - prezident deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB