Marina Naumova: \"Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ən fəal iştirakçıdır\"

Marina Naumova: \"Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ən fəal iştirakçıdır\"

Bu gün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə "Yaşıl iqtisadiyyat üçün hüquqi baza – sistem və perspektivlər üzrə regional təhlil və dialoq" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Seminarda çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi direktorunun müavini və milli əlaqələndirici Cəmil Məlikov seminarın əsas məqsədinin mövzu ilə bağlı ehtiyaclar və prioritetləri müəyyənləşdirmək, maarifləndirmə və iqtisadi, ekologiya və təhlükəsizliklə bağlı problemləri araşdırmaq üçün uyğun həlləri müzakirə etmək olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə kifayət qədər maraq var və dövlətimiz bu sahənin inkişafına və qanunvericilik bazanın müəyyənləşdirilməsinə böyük dəstək verir.

Daha sonra çıxış edən layihənin baş koordinatoru Marina Naumova bildirib ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ən fəal iştirakçıdır. O, qeyd edib ki, bu gün keçirilən seminar müzakirə olunan məsələlərin gələcək perspsektivinə öz töhvəsini verəcək.

Seminarın gedişində "Azərbaycan respublikasında Yaşıl İqtisadiyyat Hüquqi çərçivəsinin araşdırılması və analizi" mövzusunda Elşən Qurbanov, "Enerji nümunəsində yaşıl İqtisadiyyat üzrə hüquqi alətlər" mövzusunda Herbert Kopnik çıxış edib.

Qeyd edək ki, tədbirdə Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Yunanıstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə