Böyük Britaniyada nəşr olunan “Exchange” beynəlxalq jurnalında Azərbaycanın uğurlarından bəhs edilib

Böyük Britaniyada nəşr olunan “Exchange” beynəlxalq jurnalında Azərbaycanın uğurlarından bəhs edilib
Böyük Britaniyada nəşr olunan "Exchange" beynəlxalq biznes və diplomatiya jurnalında Azərbaycanın uğurlarından bəhs edilib. SİA-nın məlumatına görə, Böyük Britaniyada nəşr olunan "Exchange" beynəlxalq biznes və diplomatiya jurnalının iyul nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun müsahibəsi dərc edilib.
Müsahibədə əsasən Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, ölkəmizin enerji sektorunun hazırkı vəziyyəti və inkişaf perspektivləri, neftin satışından əldə olunan gəlirlərin idarə olunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən Dövlət Neft Fondunun fəaliyyəti, ölkəmiz ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq, xüsusilə neft-qaz ehtiyatlarının işlənməsində Britaniya şirkətlərinin rolu, Azərbaycanın "Evrovision-2011"mahnı müsabiqəsində qələbəsi və turizmin inkişafı ilə bağlı məsələlər əhatə olunub.
Diplomat Azərbaycanın makroiqtisadi göstəricilərinin ildən-ilə yüksəldiyini və bunun əsasında ölkədə siyasi və iqtisadi sabitliyin mövcud olduğunu vurğulayıb. Səfir regional əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsinin iqtisadi inkişafa təkan verdiyini, enerji gəlirlərinin səmərəli idarə olunması üçün Dövlət Neft Fondunun yaradıldığını deyib. F.Qurbanov Britaniya şirkətlərinin ölkəmizin enerji ehtiyatlarının ixracında xüsusi rolunu vurğulayaraq Azərbaycanda münbit sərmayə mühitinin yaradıldığını diqqətə çatdırıb.
Müsahibədə cari ilin Azərbaycanda "Turizm ili" elan edildiyi, zəngin flora və faunaya malik ölkəmizdə hazırda turizmin inkişafının prioritet istiqamətlərdən biri olduğu bildirilib. Bu ilin sonunadək Bakıda bir neçə beşulduzlu mehmanxananın açılacağı, regionlarda turizmin inkişaf etdirilməsi üçün layihələrin icra olunduğu qeyd edilib.
Diplomat gələn il paytaxt Bakıda keçiriləcək "Evrovision" mahnı müsabiqəsinin Azərbaycan xalqının zəngin mədəniyyətinin təbliğinə və turizmin inkişafına yaxşı zəmin yaradacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə