ATƏT və Avropa İttifaqı təmsilçilərinin görüşü keçirilib

ATƏT və Avropa İttifaqı təmsilçilərinin görüşü keçirilib

2010, 2011 və 2012-ci illərdə ATƏT-ə sədrlik edən ölkələri təmsil edən Litva, Qazaxıstan və İrlandiyanın xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iyulun 18-də Brüsseldə ATƏT və Aİ çərçivəsində əməkdaşlığı müzakirə ediblər. SİA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, Litva xarici işlər naziri, ATƏT-in hazırkı sədri Audronius Ajubalis bildirib ki, ATƏT və Aİ insan hüquqlarına və qanunun aliliyinə hörmət edilən stabil və çiçəklənən regionun dəyər və baxışlarını bölüşür: "Biz əməkdaşlıq etməklə zəmanət veririk ki, bizim məhdud resurslarımızdan optimal şəkildə istifadə edilir. Əməkdaşlıq yolu ilə biz məhdud ehtiyatlarımızın düzgün istifadəsini təmin etmiş oluruq".

Xanım Eşton və üç nazir dekabrın 6-7-də Vilnüsdə keçiriləcək ATƏT-in nazirlər səviyyəsində görüşünə hazırlıq məsələlərini də müzakirə ediblər. A.Ajubalis K.Eştonun sammitə qatılmaq niyyətini məmnunluqla qarşılayıb. Gündəlikdə duran məsələlər arasında ATƏT məkanında "dondurulmuş münaqişələr"in çözümünə yönəlmiş səylər, Belarusda insan hüquqlarının durumu və ATƏT-in Cənubi Aralıq dəniz bölgəsində demokratik proseslərə dəstəyi var.

Görüşdə ATƏT-in baş katibi Lamberto Zannier də iştirak edib. Aİ-ATƏT görüşləri mütəmadi əsasda keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə