Vüqar Səfərli: “Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi avqust ayında keçiriləcək” - MÜNASİBƏT

Vüqar Səfərli: “Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi avqust ayında keçiriləcək” - MÜNASİBƏT

"Azərbaycan Respublikası prezidentinin ötən il verdiyi sərəncama əsasən jurnalistlər üçün tikiləcək binanın layihəsi bir neçə dəfə dəyişdirilib. İlk öncə 1 bloklu, 9 mərtəbəli binanın tikilməsi nəzərdə tutusa da, sonradan bunun az olduğu bildirilib. Aparılan müzakirələrdən sonra nəticədə binanın 2 bloklu, 18 mərtəbəli, 154 mənzilli olması qərara alınıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

V.Səfərli bildirib ki, bəzi texniki və sənədləşmə problemləri binanın tikintisinin yubanmasına səbəb olub. Yeni binanın təməlqoyma mərasiminin iyulun 22-də keçirilməsinin nəzərdə tutulduğunu deyən V.Səfərlinin sözlərinə görə, bəzi müəyyən səbəblərə görə, bunu həmin vaxtda reallaşdırmaq mümkün olmayıb: "Ancaq bu proses də çox davam etməyəcək. Ən geci avqust ayında jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək. Tikinti işləri ilə bağlı sorğu aparılacaq, tikinti şirkəti müəyyən olunandan sonra təməlqoymada iştirak edəcəyik. Binada həmçinin, 2 mərtəbəli qaraj, Mətbuat Klubu kimi digər qeyri-yaşayış sahələrinin olması da nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə