Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci ilin 6 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci ilin 6 ayı ərzində yol hərəkəti təhlükəsizliyinin təmini və ictimai asayişin mühafizəsi sahəsində görülən işlərin yekunlarına, eləcə də qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Müşavirəni giriş sözü ilə açan nazir Ramil Usubov ictimai asayişin qorunmasında ən mühüm istiqamətlərdən birinin də yol hərəkəti təhlükəsizliyinin təmini olduğunu bildirib. O, belə məsul vəzifənin məhz Dövlət Yol Polisi əməkdaşlarının üzərinə düşdüyünü xatırladaraq əməliyyat müşavirəsinin müzakirəsinə çıxarılan məsələlərin günün tələbləri baxımından çox aktual olduğunu diqqətə çatdırıb.
Daha sonra hesabat dövründə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində görülmüş işlərin nəticələrinə dair hesabat məruzəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov çıxış edib. O, qeyd edib ki, bu ilin birinci yarısında fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycana 30 min 440 ədəd avtomobil gətirilib. Bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 13 minə çatıb. Hesabat ilində 408 min 342 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 7686, sürət həddinin aşılması 42 min 111, ötmə qaydalarının pozulması üzrə isə 7245 fakt aşkar edilib. Nəticədə bütün aşkar olunan qayda pozuntuları üzrə 45 mindən çox sürücü yol hərəkət qaydasını pozduğuna görə cərimə edilib. 1895 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Təəssüflə qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində həyata keçirilmiş tədbirlərə baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı və onların ağırlıq dərəcəsi ötən ilin müvafiq dövrünə nisbətən artıb. Belə ki, respublika ərazisində 1364 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 433 nəfər ölüb, 1465 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 204 fakt, həlak olanların sayı 36 nəfər, yaralananların sayı isə 282 nəfər artıb. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin 44,4 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 23.1 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi səbəbindən baş verib.
Əməliyyat müşavirəsinə yekun vuran Ramil Usubov Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinin ümumən müsbət olduğunu, eyni zamanda, hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edib, onların aradan qaldırılması yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib. Nazir deyib ki, Dövlət Yol Polisinin əməkdaşları yol hərəkəti qaydaları pozucularına, eləcə də cinayətkarlığa qarşı daha qətiyyətli və barışmaz mübarizə aparmalı, eyni zamanda, ədalətli və yüksək nizam-intizamlı olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB