Araz Əzimov: “Əgər biz görsək ki, dəhlizlə mürəkkəb, gözlənilməz dəyişikliklər gedir...” - YENİLƏNİB

Araz Əzimov: “Əgər biz görsək ki, dəhlizlə mürəkkəb, gözlənilməz dəyişikliklər gedir...” - YENİLƏNİB

Rəsmi Bakı Rusiya qoşunlarının Ermənistanda olmasından narahatdır. SİA-nın xəbərinə görə, bunu "Exo Moskvı" radiosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Araz Əzimov deyib: "Təəssüf ki, Rusiya Ermənistanda öz silahlı birləşmələrini saxlamağı vacib hesab edir. Hazırda regionda tankları tankerlərlə əvəz etməyin vaxtı yetişib. Belə ki, hərbini iqtisadiyyatla əvəz etmək lazımdır".

Abxaziya və Cənubi Osetiya məsələsi Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Rusiya ilə Azərbaycan arasında heç vaxt alver predmeti olmadığını deyən A. Əzimov bildirib ki, Rusiya nümayəndələri də heç vaxt belə bir alverin mümkünlüyünə işarə etməyiblər. Diplomat bəyan edib ki, Azərbaycan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.

Dağlıq Qarabağa Azərbaycandan icazəsiz səfər etdiyi üçün "Exo Moskvı" radiosunun baş redaktor müavini Sergey Buntmanın Azərbaycana girişinin yasaqlanmasına toxunan A. Əzimov qeyd edib ki, Bakı bu qadağanı götürə bilər: "Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra!"

Prezidentin şəxsi nümayəndəsi həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud olan vəziyyətə də aydınlıq gətirib: "Ermənistanın ekstremal mövqeyi var - Qarabağın Azərbaycandan ayrılması- onlar bunu gizlətmirlər və həmişə müstəqillik haqqında danışırlar. İstərdik ki, onlar hər halda dəyərlərin yenidən qiymətləndirilməsini aparsınlar və bu gün nə qazandıqları, nə itirdikləri və gələcəkdə belə hərəkətlərlə nə əldə edəcəkləri barədə düşünsünlər".

Onun sözlərinə görə, digər tərəfdən Ermənistanın hazırda danışıqlar prosesinə daxil etməyə çalışdığı həmin mövqe Azərbaycanın və onun tərkibində Qarabağın ərazi bütövlüyünün saxlanmasına, yenidən inteqrasiyaya deyil, dezinteqrasiyaya yönəlib: "Belə ki, Ermənistan prezidentinin son vaxtlar azərbaycanlıların Qarabağa qayıtmayacaqları və sairə barədə danışmağa başlaması məhz bundan xəbər verir. Ona görə də azərbaycanlıların Qarabağda olması regionun demoqrafiyasının bərpasıdır, regiondakı iki icmanın bərabərliyinin bərpasıdır və Azərbaycan üçün bu, həmin regionun həyatında, onun bərpasında iştirakda obyektiv amildir. Əgər biz görsək ki, dəhlizlə mürəkkəb, gözlənilməz dəyişikliklər gedir və dəhliz adı altında çox geniş parametrləri nəzərdə tutan erməni tərəfi bu ərazilər üzərində birtərəfli, həm də hərbi nəzarətə sərt şəkildə israr edirlər, o zaman erməni tərəfinin ayrılmağa çalışdığına bizdə şübhə qalmır".

Bütün xəbərlər Facebook səhifəmizdə