Elmar Məmmədyarov: \"Bakı elə bu gün erməni tərəfi ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırdır\"

\"Azərbaycan Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh sazişi üzərində ləngimədən işə başlamağa çağırır\". SİA-nın məlumatına görə, bunu "İnterfax"a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. "Hesab edirəm ki, müəyyən tərəqqiyə nail olunub və biz rahatlıqla sülh sazişinin hazırlığına başlaya bilərik", - deyə nazir vurğulayıb.

"Bakı erməni tərəfi ilə sülh sazişinə dair danışıqlara nə vaxt başlamağa hazırdır?" sualına nazirin cavabı konkret olub: "Elə bu gün".

Prezidentlərin Kazan görüşünü şərh edən E. Məmmədyarov "Bir çox KİV Kazan görüşünün uğursuz olduğunu yazır, lakin mən bununla razı deyiləm",- söyləyib. Nazir prezidentlərin bəyanatında da qeyd olunduğu kimi, Kazan görüşdə tərəflərin mövqeyində yaxınlaşmanın qeydə alındığını deyib: "İkincisi, biz - həm Azərbaycan, həm Ermənistan heç bir piarsız, isterikasız danışıqları davam etdirməli, mövqeləri yaxınlaşdırmaq üçün işləməliyik. Azərbaycan 2010-cu ildə Soçidə nümayiş etdirdiyi mövqeyində qalır: biz sülh sazişi üzərində işə başlamağa hazırıq".

E. Məmmədyarovun sözlərinə görə, Kazan görüşü göstərib ki, sülh müqaviləsində əksini tapmalı olan bir sıra elementlər hələ də razılaşdırılmayıb: "Əgər doğrudan da ortada xoş niyyət varsa, gəlin baza prinsiplərinə dair danışıqların növbəti mərhələsini gözləmədən bunların üzərində işləməyə başlayaq".

Nazir deyib ki, əsas prinsiplər baza olaraq artıq var: "Biz münaqişənin nizamlanması ilə bağlı hansı istiqamətdə hərəkət etdiyimizi də bilirik. Bütün səyləri baza prinsiplərinin daxilindəki razılaşdırılmamış elementlərlə bağlı nəticə əldə olunmasına yönəltmək nəyə lazımdır? Onsuz da onlar sülh sazişində əksini tapacaq. Buna görə də gəlin dərhal sülh sazişi üzərində işə başlayaq və bütün dünyaya siyasi iradəmizi nümayiş etdirək ki, biz hansısa siyasi sənəd yox, birbaşa hüququ öhdəliklərin əks olunduğu sülh sazişi üzərində işləməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə