Ombudsman Belçika – Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvlərini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Belçika – Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun təmsilçiləri – nümayəndə heyətinin rəhbəri Filip Blanşar, həmçinin Belçika parlamentinin üzvləri Devid Girts, Olivye Anri, Vilem Frederik Şiltz və Fəxri Senator Stef Qorisi qəbul edib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tanışlıq məqsədi daşıyan görüşdə iştirak edən Milli Məclisin deputatı Fəzail İbrahimli adı çəkilən İşçi qrupu ilə bağlı məlumat verib. O, bu nümayəndə heyətinin tərkibində olan belçikalı parlamentarilərin öz ölkələrində seçicilərinin etimadını qazandığını, respublikamızda və onun hüdudlarından kənarda yaxşı tanınan Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində səmərəli fəaliyyəti ilə bağlı məlumata malik olduqlarını diqqətə çatdırıb. Millət vəkili hələ 1918-ci ildə öz müstəqilliyini əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara ilk dəfə olaraq seçki hüququnun verildiyini vurğulayıb.
E.Süleymanova qonaqları salamlamış və qeyd edib ki, Avropa Şurasının bərabərhüquqlu üzvü olan və Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə bir sıra öhdəliklər götürmüş və bu öhdəlikləri uğurla yerinə yetirməkdədir. "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulunun və ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılmasının AŞ qarşısında götürülmüş mühüm öhdəliklərdən olduğu vurğulanıb.
Nümayəndə heyətinin rəhbəri F.Blanşar Azərbaycan Ombudsmanı ilə görüşün mühüm əhəmiyyət kəsb etdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan bu təsisatın fəaliyyəti ilə bağlı daha ətraflı məlumat əldə etmək məqsədini daşıdığını diqqətə çatdırıb.
E.Süleymanova qonaqların çoxsaylı suallarını cavablandırmış, onlara illik məruzələri, təsisatda hazırlanmış çoxsaylı hüquqi nəşrlər barədə məlumat verib.
F.Blanşar səmimi qəbul üçün təşəkkür etmiş, Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, böyük nüfuza, təcrübəyə malik olduğunu qeyd etmiş, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmağın faydalı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB