Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən diaspor təşkilatı rəhbərləri hökumət nümayəndələri ilə görüşüb-TƏDBİR-FOTOSESSİYA

Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən diaspor təşkilatı rəhbərləri hökumət nümayəndələri ilə görüşüb-TƏDBİR-FOTOSESSİYA

Bu gün Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən Azərbaycanın diaspor təşkilatı rəhbərlərinin Azərbaycan hökumətinin nümayəndələri ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov, təhsil naziri Misir Mərdanov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının rəhbəri Hidayət Orucov, ombudsman Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə DİDK sədri İbrahimov açaraq ölkədə belə bir tədbirin keçirilməsinin dünya azərbaycanlılarının sonrakı taleyinə mühüm töhfələr verəcəyini söyləyib. O bildirib ki, iyulun 5-də təşkil olunan qurultayda məruzələr, çıxışlar çox olduğundan diaspor nümayəndələri ilə hökumət nümayəndələri arasında müzakirələr aparmaq mümkün olmayıb. N.İbrahimov vurğulayıb ki, ona görə də diaspor rəhbərləri ilə hökumət nümayəndələri arasında ayrıca görüş təşkil etmək qərarına gəlinib. Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III qurultayındakı çıxışının diaspor təşkilatlarının fəaliyyəti üçün proqram xarakterli olduğunu və bundan hər kəsin müəyyən nəticələr çıxaracağını deyib. O əlavə edib ki, diaspor təşkilatları gələcək illərdə də Azərbaycanın dünyada tanıdılması istiqamətində işlər görməlidirlər.

Tədbirin davamında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın son 20 il ərzində iqtisadiyyat sahəsində əldə etdiyi uğurlardan danışıb. Azərbaycan iqtisadiyyatının qarşısında duran prioritet istiqamətlərdən də bəhs edən nazir qeyd edib ki, bunlar makroiqtisadi sabitliyin qorunub saxlanılması, Azərbaycanın qeyri-neft sektorunun, tranzit potensialının və ölkənin münbit şəraitindən istifadə edərək kənd təsərrüfatının inkişaf etdirilməsidir.

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xaricdə yaşayan azərbaycanlıların diaspor işində fəal iştirak etməyə çağırıb. O, həmçinin xaricdə yaşayan azərbaycanlıları internetdə Azərbaycana qarşı olan kampaniyalarla mübarizə aparmağa dəvət edib: "Azərbaycan bu gün turizm sahəsini inkişaf etdirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən 25-30 turizm sərgisinə qatılıb. Bu gün Azərbaycanın muğamı ilə yanaşı, aşıq musiqisi və Azərbaycan xalçası da UNESCO-nun Maddi Mədəniyyət İrsi siyahısına daxil edilib. Bəzən xarici ölkələrdə Azərbaycan xalçaları başqa ad altında satılır. Mən xaricdə yaşayan azərbaycanlıları çağırıram ki, xarici ölkələrdə belə bir halla rastlaşanda bu xalçaların UNESCO tərəfindən tanınan Azərbaycan xalçası olduğunu deməyə, bununla bağlı məsələ qaldırmağa tam hüququnuz var".

Təhsil naziri Misir Mərdanov isə çıxışında hər bir azərbaycanlının təkliflərini, şikayətlərini qəbul etməyə hazır olduğunu söyləyib. O, Azərbaycanda səfərdə olan hər bir qonağın təkliflərini dinləmək üçün onları sabah və o biri gün Təhsil Nazirliyində görüşlərə və birgə müzakirələr aparmağa dəvət edib.

Tədbirin davamında ombudsman Elmira Süleymanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkili Sabir Rüstəmxanlı və digər rəsmi şəxslər də çıxış ediblər. Çıxış nitqlərindən sonra müzakirələr başlanıb. Diaspor nümayəndələri ilə hökumət nümayəndələri arasında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə