Bu il kəskin istilər gözlənilmir - ARAŞDIRMA

Bu il kəskin istilər gözlənilmir - ARAŞDIRMA

Son illər dünyada fəaliyyət göstərən müxtəlif meteoroloji təşkilatlar Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda anomal istilərin keçəcəyi ilə bağlı proqnozlar verməkdədirlər. Bu ildə də ABŞ-ın İqlim üzrə Beynəlxalq Elmi Tədqiqat İnstitutu yay aylarında Qafqazda havanın temperaturunun iqlim normasından bir qədər çox olacağı haqda məlumat yayıb. Ancaq hələ ki, ölkə ərazisində kəskin isti hiss olunmayıb.


Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyevanın SİA-ya verdiyi məlumata görə, ölkəmizin ərazisində istilər adətən iyul, avqust aylarında müşahidə olunur: "Qeyd edim ki, hava haqqında ümumi meteoroloji məlumatı dünyanın 5 regional təşkilatı tərəfindən verilir. Bu təşkilatların məlumatlarında da bu ilki yayın kəskin istilərlə müşahidə edilməyəcəyi bildirilir. Ancaq bununla yanası ayrı-ayrı təşkilatlar da müxtəlif proqnozlarla çıxış edirlər. Hələ ki, respublikamızda anomal istilərin olması ilə bağlı indiyə kimi verilən proqnozlar özünü doğrultmayıb. Məsələn, ötən il də bəzi xarici təşkilatların verdiyi proqnozlar öz təsdiqini daha çox Qərbi Avropa ölkələrində tapdı. Ötən il Azərbaycanda isə proqnozlaşdırıldığı kimi rekord istilər qeydə alınmadı. Ən yüksək temperatur - 43 dərəcə Naxçıvanda, 42 dərəcə Aran rayonlarında, 40 dərəcə isə Abşeronda müşahidə olundu. Ümumilikdə bildirmək istəyirəm ki, avropalılar üçün yüksək sayılan 30 dərəcə temperatur bizim üçün normal sayılır. Hətta 37-39 dərəcə isti də Qafqaz üçün xarakterikdir. Son illər ölkənin bəzi ərazilərində temperatur 40 dərəcəyədək yüksəlir. 90-cı illərdən başlayaraq 40 dərəcə isti də normal qəbul olunmaqdadır".


Mütəxəssis bildirdi ki, bu ilin ən yüksək temperaturu 39 dərəcə təşkil edəcək. Temperatur bəzi günlərdə 40 dərəcəyə çata bilər. Ancaq Xəzər dənizinin mülayim təsiri, qarşıdakı günlərdə hava şəraitinin yüksəlməsinə mane olacaq. Bu ayın birinci ongünlüyündə şimal küləyinin təsiri nəticəsində hava mülayim keçəcək. Ancaq ayin 7-8 cənub küləyi əsəcək və bu səbəbdən havanın temperaturu 37-38 dərəcəyə yüksələcək. Ayın 9-10-11 yenidən şimal küləyinin təsiri nəticəsində temperatur aşağı düşəcək. Ümumilikdə qarşıdakı yay günlərində anomal istilər gözlənilmir".


Qeyd: Azərbaycanda ən isti yay 2000-ci il avqustun 1-2-də qeydə alınıb. Həmin dövrdə Naxçıvanda 46 dərəcə isti müşahidə olunub. Bakı və Abşeron yarımadasında isə havanın temperaturu 39-42, Aran rayonlarında 40-43 dərəcə isti qeydə alınıb.

Mirvari

Bütün xəbərlər Facebook səhifəmizdə