Xəzər İbrahim: “Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması NATO ilə münasibətlərinə təsir göstərməyəcək”

Xəzər İbrahim: “Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması NATO ilə münasibətlərinə təsir göstərməyəcək”

"Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması ölkəmizin digər təşkilatlar, o cümlədən NATO ilə münasibətlərinə təsir göstərməyəcək". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim deyib. O qeyd edib ki, Azərbaycan artıq 90-cı illərdə olduğu kimi NATO-nun adi tərəfdaşı deyil, ölkə alyansla sıx əməkdaşlıq edir: "Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir və NATO-nun müttəfiqidir. Biz Əfqanıstanda önəmli rol oynayırıq. Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatları üçün vacib tranzit ölkələrdən biridir. Digər sahələrdə də əməkdaşlıq uğurla davam edir".

Azərbaycanın Əfqanıstandakı hərbi kontingentini ixtisar edib-etməyəcəyi barədə sualı cavablandıran X. İbrahimin sözlərinə görə, Bakı hələlik öz kontingentini ixtisara salmaq niyyətində deyil.

NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün iştirakı barədə sualı cavablandıran X. İbrahim xatırladıb ki, danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun nəzarətindədir: "NATO həll prosesində iştirak etmir. Bu rol ATƏT-in Minsk Qrupuna aiddir. Biz həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa ilə fəal iş aparırıq. Təəssüf ki, danışıqlar hələlik nəticə verməyib. Biz bütün bölgəyə fayda gətirəcək tərəqqiyə ümid edirik".

Qeyd edək ki, bu gün NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) növbəti yay sessiyası keçirilib. Yay sessiyası "Middle East puzzle: security and democracy" mövzusuna həsr olunub. Sessiyada çıxış edən Azərbaycanın NATO-dakı nümayəndəsi Xəzər İbrahim Azərbaycanla alyans arasında mövcud olan əlaqələrindən danışıb.

İki gün davam edəcək yay sessiyası ərzində Yaxın Şərq regionunda baş verən son hadisələr, onların yaranma səbəbləri və mahiyyəti, mövcud siyasi durum, sosial şəbəkələr və medianın rolu, beynəlxalq hüquq və qərar qəbuletmə, beynəlxalq birliyin müdaxiləsi və digər aidiyyəti məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə