Kazan görüşündən sonra...-TƏHLİL

Kazan görüşündən sonra...-TƏHLİL

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Rusiyanın vasitəçiliyi ilə keçirilən Ermənistan Azərbaycan prezidentlərinin Kazan görüşü istənilən nəticəni vermədi. SİA-nın xəbərinə görə, bu sözlər Rusiyanın nüfuzlu "Kommersant" qəzetində yer alıb. Gizli mənbəyə istinadən verdiyi xəbərə əsasən nəticəsiz görüşdən Rusiyanın lideri Dmitri Medvedyev məyus olub: "Rusiya prezidenti o qədər məyus olub ki, münaqişənin həllində vasitəçilikdən geri çəkilmək niyyətindədir".

Mənbənin sözlərinə görə, Medvedyev tərəflərə təkliflə çıxış edib: "Növbəti görüş yalnız tərəflərin Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulan əsas prinsiplərə qol çəkmək barəsində razılıq verdikdən sonra mümkün olacaq".

Qeyd: "Kazan görüşündə 20 ilə yaxındır aşkar irəliləyişlərin olmadığı danışıqlar prosesində irəliləyişin əldə olunacağına böyük ümidlər bəslənilirdi. Görüş ərəfəsində, mayın sonlarında ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan liderlərini \"siyasi iradə nümayiş etdirməyə və iyundakı görüş zamanı nizamlanmanın baza prinsipləri üzərində işi başa çatdırmağa\" çağırıblar."

Beynəlxalq Böhran Qrupunun analitiki Sabina Freyzer isə preizdentlərin Kazan görüşünün nəticələrini belə dəyərləndirib: "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Kazan görüşünün nəticələri məyusedicidir, lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin yekun razılaşdırılmasına ümid hələ də qalır. Baza prinsiplərinin imzalana bilməsi üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyan, eləcə də Azərbaycan və Ermənistan xalqları bunun indiki məqamda ən yaxşı təklif olduğuna əmin olmalıdırlar. Belə olan halda, eləcə də Prezident Medvedevin təşəbbüsü ilə ilin sonunadək Azərbaycan və Ermənistan rəhbərlərinin daha bir yubiley görüşünün baş tutması şərtilə baza prinsipləri sənədinin imzalanmasına şans var. Əgər baza prinsipləri üzrə danışıqlar iflasa uğrayarsa, tərəflər arasında silahlı toqquşmaların yeni dalğası ehtimalı çox yüksəkdir".

Kazan görüşündən sonra münaqişə ətrafında yarana biləcək vəziyyətə gəlincə Azərbaycan və Ermənistan tərəfinin baxışları müxtəlifdir. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı hesab edir ki, prezidentlərin Kazan görüşünün nəticəsi danışıqlar prosesinin növbəti mərhələsinə zəmin yaradır: "Kazan görüşündən öncə ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə telefon açması, Fransa Prezidenti Sarkozinin bununla bağlı açıqladığı mövqe bir daha göstərir ki, erməniləri himayə edən dairələr bu münaqişənin həll edilməsində maraq göstərir. Xüsusilə, Ermənistanla \"bacı\" olan Fransa öz \"bacı\"sının pis vəziyyətə düşdüyünü görərək, onu xilas etmək üçün münaqişəni nəyin bahasına olursa-olsun həll etmək istəyir. Kazan görüşü Azərbaycan prezidentinin qətiyyətli və praqmatik siyasətini aktiv şəkildə nümayiş etdirdi. Bir daha göstərdi ki, Azərbaycan Prezidenti hansısa təzyiq altında, böyük dövlətlərin dedikləri fikirlərlə Azərbaycanın maraqlarına uyğun olmayan sənədə imza atmayacaq. Aparılan danışıqlar, görüş ərəfəsində söylənilən fikirlər onu deməyə əsas verir ki, Kazanda bəziləri düşünürdülər ki, hər şey Ermənistanın istəyinə uyğun baş verəcək. Ermənistanın istəyi isə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ona görə də Azərbaycan tərəfi ona heç zaman imza ata bilməz. Azərbaycanın mövqeyi ədalətlidir. Hesab edirəm ki, Kazan görüşündə Prezident İlham Əliyev diplomatik, mənəvi və şəxsi üstünlüyünü bir daha nümayiş etdirdi".

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu isə SİA-ya açıqlamasında: "Kazan görüşü yeganə görüşdür ki, bu ərəfədə hər bir prezident ayrıca öz münasibətini və reaksiyasını bildirdi ki, Kazanda sənəd imzalansın. Gördüyünüz kimi, sənəd imzalanmadı, ancaq Azərbaycan tərəfi sənədin imzalanmasına razı idi, Ermənistan tərəfi isə yox. Sənədin imzalanmaması Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə maneçilik kimi dəyərləndiriləcək. Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi yolu aydındır – Ermənistana hökmən təzyiq tətbiq olunmalıdır. Bu təzyiqi ya beynəlxalq təşkilatlar Ermənistana tətbiq etməlidirlər ki, işğal olunmuş torpaqları geri qaytarsın, ya da Azərbaycana zor tətbiq eləməlidirlər ki, oz torpaqlarını hərbi yolla işğaldan azad etsin"- deyə cavablandırıb.

Ermənistanlı siyasi şərhçi Ara Tadevosyan: "Kazan görüşündə nəticənin əldə olunmaması regionda vəziyyəti gərginləşdirə bilər. Çünki regionda hərbi əməliyyatların başlanması təhlükəsi hələ 1994-cü ildə atəşkəs haqqında sazişini imzalanmasından gündəmdədir. Təəssüf ki, iri hərbi əməliyyatların yenidən başlanması hər zaman gündəmdədir. Azərbaycanda keçirilən son hərbi parad buna əyani sübutdur"- deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə