RİTN-də elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı kollegiya iclası keçirilib

RİTN-də elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrasının təmin edilməsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya üzvləri, birlik, müəssisə rəhbərləri və aidiyyəti nümayəndələr iştirak edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kollegiyanı giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə elektron hökumət formalaşdırılması üzrə aparılan işlərdən danışaraq Prezident İlham Əliyev cənabları tərəfindən 23.05.2011 tarixdə imzalanmış Fərmanın bu istiqamətdə həyata keçirilən layihələrə ciddi təkan verdiyini bildirib. Nazir "elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onların elektron xidmətlər göstərməsi, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu Fərmanın dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili və genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını, konkret məsələlərin həllinə yönəldiyini vurğulayan nazir qısa bir zamanda görüləcək işləri diqqətə çatdırıb.

Kollegiyada ölkəmizdə "elektron hökumət"in formalaşdırılması istiqamətində aparılan fəaliyyət barədə məlumat verildi. Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin 7 iyun 2011-ci il, 147s nömrəli Sərəncamında müəyyənləşdirilmiş tədbirlər və onların yerinə yetirilmə yolları haqqında məlumat verilib. Bu istiqamətdə nazirliyə həvalə edilmiş məsələlərin həyata keçirilməsi, digər dövlət orqanları ilə sıx əməkdaşlıq edilməsi, eyni nazirliyin fəaliyyətində, o cümlədən tabeli idarə və müəssisələr tərəfindən əhaliyə göstərilən xidmətlərin elektron formada həyata keçirilməsinin təşkili imkanları müzakirə edilib.

Kollegiya üzvləri, nazirliyin ayrı-ayrı birliklərinin rəhbərləri, mütəxəssislər bu məsələlərlə bağlı çıxış ediblər və Fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək tədbirlər barədə fikirlərini bildiriblər.

Nazir Ə.Abbasov kollegiya iclasına yekun vuraraq həyata keçiriləcək tədbirlərin əhəmiyyətini bir daha vurğulayıb və Fərmanın müddəalarından irəli gələn məsələlərin nazirliyin tabeli qurumlarının fəaliyyətində tətbiqi və dövlət qurumlarında aparılan işlərlə əlaqələndirilməsi üzrə konkret tapşırıqlar verib. Bu məsələlər barədə nazirliyin kollegiyası müvafiq qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə