Baş Dövlət Yol Polisi İdarəsi ban şüşələrinin tündləşdirilməsi məsələsi ilə bağlı sürücülərə xəbərdarlıq edir

Baş Dövlət Yol Polisi İdarəsi ban şüşələrinin tündləşdirilməsi məsələsi ilə bağlı sürücülərə xəbərdarlıq edir

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin ban şüşələrinin tündləşdirilməsi məsələsinə aydınlıq gətirib. İdarədən SİA-ya verilən məlumatda bildirilir ki, nəqliyyat vasitələrinin ban şüşələrinin tündləşdirilməsi ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Baş DYP İdarəsi avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

- Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %

- Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 %

- Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %

Göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir.

"Yol hərəkəti haqqında" qanuna 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Eyni zamanda mövcud qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və inzibati məsuliyyətə cəlb edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə