“Road and Traffic” 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin açılış mərasimi keçirilib - FOTO

“Road and Traffic” 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin açılış mərasimi keçirilib - FOTO

Bu gün Bakıda (Baku Expo Center) "Road and Traffic"1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, sərginin açılış mərasimində çıxış edən nəqliyyat naziri Ziya Məmmədov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan söhbət açıb. Nazir bildirib ki, həyata keçirilən islahatlar içərisində yol-nəqliyyat kompleksi özünəməxsus yer tutur. Son dövrlərdə Azərbaycanda 4 yeni beynəlxalq hava limanı tikildiyini diqqətə çatdıran Z. Məmmədov dəmir yolu, su, avtomobil, daxili və beynəlxalq yükdaşımalarının tənzimlənməsi sahəsindəki yeniliklərdən, yeni metro stansiyalarının sürətli tikintisindən söhbət açıb.

Nazir həyata keçirilən bir neçə böyük layihə haqqında sərgi iştirakçılarına məlumat verib: "Ölkə prezidentinin qəbul etdiyi qərarlar əsasında, eyni zamanda xüsusi diqqət və qayğısı nəticəsində böyük layihələr həyata keçirilir. Belə ki, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin inşası davam edir və 3 il ərzində istismara verilməsi nəzərdə tutulub. Bundan başqa Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi uğurla aparılır. Bu layihə 2013-cü ildə tamamlanacaq. Bu gün Azərbaycan bu layihələrin gerçəkləşdirilməsi üçün ölkə daxilində, eləcə də, ölkə xaricində investisiyalar qoyur, yeni əlaqələr yaradır. Ölkədə avtomobil yolları şəbəkəsi müasir standartlar səviyyəsində tikilir. Bütün bunlar da ölkəmizin beynəlxalq tranzit daşınmasında nüfuzunu, əhəmiyyətinin artırır".

Ziya Məmmədov son olaraq bildirib ki, bu sərgi infrastrukturun gələcək inkişafı, satış bazarının genişləndirilməsi, birgə müəssisələrin təsis edilməsi və ölkənin yol tikintisi bazarında sərmayə layihələrinin, texnologiya və avadanlıqlarının təşviqi üçün əlverişli şəraitin yaradılmasına təkan verəcək.

Tədbirdə çıxış edən "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov sərgidə 11 ölkədən 54 şirkətin iştirak etdiyini diqqətə çatdırıb. F. Məmmədov sərginin keçirilməsində göstərdikləri böyük dəstəyə görə, Nəqliyyat Nazirliyinə təşəkkürünü bildirib və xüsusi sertifikatı nazir Ziya Məmmədova təqdim edib.

Daha sonra nəqliyyat naziri sərginin açılışını bildirən rəmzi lenti kəsib.

Sərgidə yol tikintisi, yol hərəkətinin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi və yeni ictimai nəqliyyat növlərinin istifadəyə verilməsi sahələrində ən son nailiyyətlər təqdim olunur. "Road and Traffic" sərgisi yol infrastrukturunun bütün bölmələrini, o cümlədən ictimai nəqliyyat, yol infrastrukturu və nəqliyyatın idarə olunması üzrə intellektual sistemləri əhatə edən mövzulu ekspozisiyalara bölünüb. Bu sərgidə beynəlxalq və yerli təşkilatlar, yol-tikinti müəssisələri, ictimai nəqliyyat vasitələrinin istehsalçıları və satıcıları, yol təhlükəsizliyi sahəsində ixtisaslaşan şirkətlər, habelə informasiya texnologiyaları müəssisələri və metropoliten müəssisələri iştirak edirlər.

Sərgi 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə