Azərbaycanda “NATO: 21-ci əsrin hərbi-siyasi alyansı” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycanda “NATO: 21-ci əsrin hərbi-siyasi alyansı” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Bakıda "NATO: 21-ci əsrin hərbi-siyasi alyansı" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirin təşkilatçıları qismində Rumıniyanın Azərbaycandakı səfirliyi və Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi çıxış edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dəyirmi masa ictimai diplomatiya baxımından əhəmiyyətli olduğunu deyən səfir Azərbaycanla Şimali Atlantika Alyans arasında mövcud olan əməkdaşlıqdan danışıb.

Millət vəkili Asim Mollazadə "Azərbaycan və NATO: ortaq dəyərlər və prinsiplər" mövzusunda məruzə ilə çıxış edib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia isə dəyirmi masada Avropa İttifaqı-NATO münasibətləri mövzusunda çıxış edib. Səfir bildirib ki, Aİ yeni təşəkkül tapdığı illərdə əsas hədəflərindən biri qitədə məhz sülhü təmin etmək olub. Sonradan bu missiya və qitədəki kompleks hərbi-təhlükəsizlik məsələləri NATO alyansına ötürülüb: "Avropa İttifaqının bir çox üzvü həm də NATO blokunun üzvüdür. NATO-nun mühüm cəhəti həm də odur ki, alyans Avropa dövlətləri arasında vaxtilə mövcud olmuş ixtilaf və ziddiyyətləri aradan qaldırıb".

Dəyirmi masada çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza NATO-nun Lissabon sammitindən sonra alyansın yeni tərəfdaşlıq siyasətinə toxunub. M. Brayza deyib ki, sammitdən sonra alyansın siyasəti yeni təhlükələrin dəf edilməsi, Rusiya ilə münasibətlərin tənzimlənməsi, habelə alyansın qonşuları ilə əlaqələrinin qurulmasına yönəlib. NATO-nun Azərbaycanla münasibətlərinə toxunan səfir bildirib ki, Azərbaycanın hazırda alyansda üzvlüyə can atdığı barədə bəyanat eşitməyib, amma rəsmi Bakı alyansla tərəfdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduğunu deyir. Onun sözlərinə görə, NATO-nun qapıları bütün yeni demokratik ölkələrə açıqdır.

M. Brayza, həmçinin xatırladıb ki, Azərbaycan Əfqanıstandakı əməliyyatlar üçün qərb koalisiyasına özünün hava məkanından istifadə etmək imkanı yaradıb: "Bu və bir sıra digər amillər iki tərəf arasında əməkdaşlığın gözəl nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə