Milli Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini və suverenliyini əbədiləşdirən tarixdir

Milli Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini və suverenliyini əbədiləşdirən tarixdir

Bu gün Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin icra hakimiyyətinin foyesində qoyulmuş büstünü ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

Nizami rayon icra hakimiyyətinin akt zalında keçirilən mərasimi giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Tahir Budaqov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir. T.Budaqov bu tarixin hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun müasir Azərbaycanın milli müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcı olduğunu da dilə gətirib. Qeyd edib ki, daxili çəkişmələr, iqtisadi böhran içərisində qalan Azərbaycanın xilas yolunu müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçilməsi ilə ölkəmizdə qeyri-müəyyənliklə müşahidə olunan hadisələrin qarşısı alındı, respublikada siyasi sabitlik təmin olunmaqla iqtisadi-siyasi və sosial inkişafın keyfiyyətcə yeni mərhələsi başlandı.

Millət vəkili Fəttah Heydərov da çıxışında dövlətçiliyimizin müasir tarixi üçün əlamətdar olan Qurtuluş Gününün əhəmiyyəti barədə danışıb. Bildirib ki, Milli Qurtuluş Günü kimi qeyd olunan bu tarix həqiqətən bir xalqın azadlığa qovuşması ilə əlamətdardır. Xalqını ən mütərəqqi həyat tərzi keçirən dövlətlər səviyyəsinə qaldırmaq üçün Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə danışmaq üçün qərinələr lazımdır. F.Heydərov Ümummilli Lider Heydər Əliyevin həyatının hər saatının Azərbaycanın gələcəyi naminə hesablanmış ideyalarla zəngin olduğunu söyləyib.

Milli Məclisin üzvü Aydın Mirzəzadə çıxışında bildirib ki, Azərbaycanın rəsmən qazandığı müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə dayandığı bir zamanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev respublikanı xəritədən silinmək təhlükəsindən qurtaran xilaskar kimi xalqın imdadına çatdı. A.Mirzəzadə Ümummilli Lider Heydər Əliyevin çox mürəkkəb bir dövrə təsadüf edən hakimiyyətə qayıdışı ilə taleyüklü problemlərin həlli üçün dönüş nöqtəsinin olduğunu bildirib.

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva da çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərdən bəhs edərək, tarix, cəmiyyət üçün yaranmış müdrik və zəka sahibinin əvəzsiz əməllərindən söhbət açıb. Qeyd edib ki, Ulu Öndər yalnız yaşadığı dövr üçün xarakterik olan vəzifələri deyil, bir neçə onilliklər üçün inkişaf strategiyasını planlaşdıran şəxsiyyət olub.

Tədbirin digər çıxışçıları millət vəkilləri Mirkazım Kazımov, Rasim Musabəyov da Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər.

Nizami rayon İH başçısının müavini Gülnaz İsrafilova çıxış edib 27 apreldən başlayaraq bu günə kimi davam edən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər barədə məlumat verib.

Sonda rayon üzrə keçirilən bilik, idman yarışlarında, interaktiv oyunlarda, müsabiqələrdə fərqlənən pedaqoji kollektivlərə və şagirdlərə qiymətli hədiyyələr təqdim olunub.

Tapdıq Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə