Gürcüstan XİN: \"Rusiyanın ÜTT-yə üzvlüyü üçün irəli sürdüyümüz şərtlər qüvvədədir\"

Gürcüstan XİN: \"Rusiyanın ÜTT-yə üzvlüyü üçün irəli sürdüyümüz şərtlər qüvvədədir\"

Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üçün irəli sürdüyü şərtlərdən imtina etməyib. SİA-nın "İnterfax"a istinadən xəbərinə görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bəyan edib. "Bizim Rusiyaya qarşı müəyyən tələblərimiz var. İlk növbədə Abxaziya və Cənubi Osetiya məntəqələrində Gürcüstan-Rusiya sərhədi şəffaf olmalıdır. Tələblərimizə yenidən baxılmayacaq və bunu tərəfdaşlarımız da gözəl anlayırlar", - deyə N.Kalandadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin bu il iyunun əvvəlində Romada ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdə Rusiyanın ÜTT-yə üzvlüyünə heç bir şərt irəli sürmədən razılıq verməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən Gürcüstanın vetosu Rusiyanın ÜTT-yə üzvlüyünü əngəlləyir. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın tanınmamış Cənubi Osetiya və Abxaziya respublikalarında gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarətdir. Moskva bu şərtə razılıq verməyəcəyi müddətdə Gürcüstan da Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə maneələr yaradacaq.

Eyni zamanda Rusiyanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 17 ildir davam edir. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə