Azərbaycan və İsveçin xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və İsveçin xarici işlər nazirləri arasında görüş keçirilib

Bu gün Azərbaycan və İsveçin xarici işlər nazirləri Elmar Məmmədyarov və Karl Bildt arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdən sonra jurnalistlər üçün təşkil olunan brifinqdə E. Məmmədyarov görüşdə müzakirə olunan məsələlərə toxunub. O, qeyd edib ki, təkbətək və geniş tərkibdə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, eləcə də Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Moskvada görüşü haqqında həmkarını məlumatlandırıb. O, İsveçlə münasibətlərin genişlənməsinə ümid etdiklərini söyləyib.

K. Bildt isə öz növbəsində bildirib ki, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədədir. Dağlıq Qarabağ münaqişəsinin həllində Aland modelinin tətbiqinin mümkünlüyünə dair suala cavablandıran Karl Bildt: "Dağlıq Qarabağ münaqişəsi kimi problemləri həll etmək üçün həll yollarının tapıldığı müxtəlif oxşar nümunələrə nəzər yetirmək lazımdır. Lakin mən bu nümunələri eynilə tətbiq etmək lazım olduğunu düşünmürəm. Aland adaları ilə bağlı səhv etmirəmsə 1920-ci ildə referendum keçirilib. Nəticədə Finlandiya daxilində muxtariyyət yaradılması barədə razılaşma əldə edilib. İndi onlar xoşbəxt yaşayırlar. Başqa nümunələr də var. Məsələn, Cənubi Tirol. Orada amansız münaqişə vardı, zorakılıq törədilirdi. Lakin problem sülh yolu ilə həllini tapdı"- deyə, cavablandırıb.

O, Azərbaycanı "Eurovision-2011" müsabiqəsində qələbə münasibətilə təbrik edib: "Bu qələbə Azərbaycanı Avropa mədəniyyət liqasının zirvəsinə çıxarıb, eyni zamanda Azərbaycana öz mədəniyyətini yüz minlərlə insana nümayiş etdirmək imkanı yaradıb".

Bütün xəbərlər Facebook səhifəmizdə