Araz Əzimov: \"Rəsmi Bakı Rusiya və Avroatlantik tərəfdaşları ilə Qəbələ RLS üzrə əməkdaşlığın yeni əsaslarını müzakirə edə bilər”

Araz Əzimov: \"Rəsmi Bakı Rusiya və Avroatlantik tərəfdaşları ilə Qəbələ RLS üzrə əməkdaşlığın yeni əsaslarını müzakirə edə bilər”

Rusiyanın Qəbələ radiolokasiya stansiyasının icarə müddətini uzatmaqda maraqlı olması və beynəlxalq gərginliyin çoxalması şəraitində stansiyanın əhəmiyyətinin artması bu RLS üzrə sazişin şərtlərinə yenidən baxılmasını zəruri edir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov "İnterfaks" agentliyinə bildirib: "Rusiya bu sazişin (Qəbələ RLS-in icarəsi haqqında) müddətini uzatmaq istəyir. Əgər müqavilənin müddətinin uzadılmasına maraq varsa, istənilən halda, bu məsələni müzakirə etmək, danışıqlar, məsləhətləşmələr aparmaq lazımdır", - deyə A.Əzimov bildirib.

Nazir müavinin fikrincə, Qəbələ RLS üzrə müqavilənin müddəti avtomatik uzadılmayacaq. "Çünki biz görürük və hiss edirik ki, RƏM sahəsində, belə deyək, beynəlxalq mövzu sahəsində, bu məsələlərlə bağlı gərginlik artır, risklər, hətta deyərdim, təhlükələr çoxalır", - deyə o vurğulayıb.

A.Əzimov xatırladıb ki, bəzi Avropa ölkələrinin ərazisində yeni obyektlərin qurulması Rusiya tərəfinin xüsusi narahatlığına səbəb olur, o da, öz növbəsində NATO və ABŞ-la əməkdaşlıq üzrə təkliflərə malikdir, amma bu təkliflər hələ qəbul olumur. "Azərbaycan əməkdaşlığın mümkün yeni əsasları haqqında düşünməyə və danışmağa hazırdır, belə ki, istənilən halda, Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən və Azərbaycanın mülkiyyətində olan radar stansiyasının əhəmiyyəti heç cür azalmır və əksinə, yalnız artır və bundan sonra da artacaq", - deyə diplomat vurğulayıb.

O əlavə edib ki, buna əsaslanaraq, söhbət təkcə icarə haqqının və ya Qəbələ RLS-in təmin olunduğu elektrik enerjisi və digər xidmətlərə görə ödənişlərə yenidən baxılmasından getməyə bilər. Eyni zamanda, nazir müavini qeyd edib ki, indiyə qədər bu xidmətlər üçün Rusiyadan alınan qiymət "kifayət qədər azdır, Azərbaycan vaxtı ilə müəyyən güzəştə gedib və Rusiya tərəfinə kömək edib". A.Əzimovun sözlərinə görə, bu məsələdə "hamı tərəfindən qəbul edilmiş təcrübə nəzərə alınmalıdır, yenə də, Rusiyanın digər tərəfdaşları və qonşularla belə məsələlərin həllində təcrübəsinə baxılmalıdır və bu, hansısa bir mənada əsas götürülməlidir".

"Ancaq qiymət yeganə məsələ deyil. Söhbət strateji məsələlərdən, raket əleyhinə müdafiə sistemlərinin inkişafından, artan təhlükələr, deyək ki, ballistik raketlər və s. kontekstində beynəlxalq gərginliyin artmasından gedir. Yəni, bu kontekstdə Rusiya ilə və ola bilsin, bizim Avroatlantik tərəfdaşlarımızla gələcək əməkdaşlığımız üzrə əsaslı məsləhətləşmələrin aparılması üçün bir çox səbəbi nəzərdən keçirmək olar. Bu, üçtərəfli və ikitərəfli formatlarda ola bilər", - deyə xarici işlər nazirinin müavini vurğulayıb.

Qəbələ RLS Rusiyanın RƏM sisteminin əhəmiyyətli elementidir, stansiya cənub istiqamətindən mümkün raket zərbələri haqqında erkən xəbərdarlığı təmin edir. Stansiyanın icarə müddəti 2012-ci ildə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə