ABŞ Konqresinə noyabr seçkiləri, İran böhranı və yeni dünya düzəni
Noyabrın 3-də ABŞ-da keçiriləcək Konqresə seçkilər (Aşağı Palata – Nümayəndələr Palatası və Senatın üçdə bir hissəsi) yalnız Vaşinqtonun daxili siyasi xəritəsini dəyişməyəcək, həm də sürətlə yenidən formalaşan Yeni dünya düzəninin geosiyasi arxitekturasına birbaşa təsir göstərəcək.
Ağ Ev uğrunda mübarizə ilə yanaşı, Konqresdəki üstünlük həm daxili iqtisadiyyatın tənzimlənməsində, həm də Ağ Evin xarici siyasət kursunun – xüsusilə Yaxın Şərq, İran, Şərqi Avropa və Çin istiqamətindəki həmlələrinin təsdiqlənməsində və ya bloklanmasında həlledici rola malikdir.
Bəs, seçkiqabağı ümumi mənzərə, partiyaların əsas kartları nədir? Seçki marafonunun son mərhələsində həm Demokratlar, həm də Respublikaçılar seçicilərin diqqətini tamamilə fərqli platformalara çəkməyə çalışırlar.
Demokratların strategiyası iqtisadiyyat və sosial rifahdır. İnflyasiyanın nəzarətə alınması, iş yerlərinin saxlanılması, səhiyyə islahatları və sosial təminat proqramlarının qorunması. O cümlədən dünyəvi/liberal dəyərlər və demokratiya, seçki hüquqlarının, qadın azadlıqlarının və ekoloji/yaşıl enerji layihələrinin müdafiəsidir. Xarici siyasətdə isə çoxşaxəli ittifaqların (NATO, AUKUS) möhkəmləndirilməsi, beynəlxalq hüquq normaları çərçivəsində tərəfdaşlara dəstəkdir.
Respublikaçıların strategiyası isə sərhəd təhlükəsizliyi və immiqrasiyadır. Qeyri-qanuni miqrasiyaya qarşı sərt nəzarət və daxili təhlükəsizliyin ön plana çəkilməsidir. Vergilərin azaldılması, yerli istehsalın və ənənəvi enerji (neft-qaz) sektorunun dəstəklənməsi ("Amerika Birinci" konsepsiyası), beynəlxalq arenada çəkindirmə faktoru kimi barışmaz və prinsipial mövqenin nümayiş etdirilməsi də onlara aiddir.
Məsələnin düyün nöqtəsi isə İran və Yaxın Şərq siyasətidir. Noyabr seçkilərinin xarici siyasət gündəmində ən kəskin qarşıdurma xətti məhz İranın nüvə proqramı, regional təsir imkanları və Yaxın Şərqdəki eskalasiya ətrafında yaranıb. Tehrana qarşı hansı strategiyanın tətbiq olunması seçicilərin, xüsusən də milli təhlükəsizlik və İsrail yönümlü lobbilərin səsvermə seçiminə doğrudan təsir edir.
Respublikaçıların yanşması fərqlidir. Respublikaçılar İran məsələsində "maksimum təzyiq" strategiyasının tərəfdarıdırlar. Onlar Tehrana qarşı iqtisadi sanksiyaların dərhal sərtləşdirilməsini, neft ixracının tam bloklanmasını və İranın bölgədəki proksi qüvvələrinə (Hizbullah, Husi və s.) qarşı hərbi vasitələrlə cavab verilməsini tələb edirlər. Respublikaçılara görə, hər hansı güzəşt və ya diplomatik yumşalma Tehrana vaxt qazandırır.
Demokratlar isə strateji çəkindirməni saxlayaraq, regional müharibənin qarşısını almaq üçün diplomatik kanalların və kollektiv sanksiyalar mexanizminin açıq qalmasının tərəfdarıdırlar. Onlar Yaxın Şərqdə böyük bir hərbi toqquşmanın ABŞ iqtisadiyyatına (xüsusilə neft qiymətlərinə) vuracağı zərbədən ehtiyat edirlər.
İran məsələsində kəskinləşən ritorika respublikaçılara konservativ və hərbi yönümlü seçiciləri (kripto-israil lobbisi və hərbi-sənaye kompleksi dairələri daxil olmaqla) öz ətrafında sıxlaşdırmaq üçün güclü kozır verir.
Yeni dünya düzəni mövzusuna yanaşma da seçkilərdə hansı partiyanın daha yüksək şans əldə etməsinə təmin edəcək. Dünyada qlobal transformasiyanın getdiyi, çoxqütblü dünya nizamının formalaşdığı və geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrdə amerikan seçicisi "ABŞ qlobal liderliyini necə saxlamalıdır?" sualına cavab axtarır.
Liberal İnternasionalizm ideologiyasına əsaslanan Demokratlar düşünürlər ki, ABŞ-ın dünyadakı liderliyi beynəlxalq təşkilatlar, NATO və demokratik alyanslar vasitəsilə təmin olunmalıdır. Çin və Rusiyaya karşı mübarizə kollektiv güclə aparılmalıdır.
Neorealizm və İzolyasiyonizm/Proteksionizm tərəfdarı olan Respublikaçılar hesab edirlər ki, ABŞ başqa ölkələrin təhlükəsizlik xərclərini çəkməməli, daxili resurslarını özünə yönəltməlidir. Birləşmiş Ştatlar qlobal açıq öhdəliklərdən çəkinməli, yalnız birbaşa milli maraqlar təhdid olunduqda cavab verməlidir.
Bəs proqnozlar və ehtimal olunan ssenarilər hansıdır? Mövcud rəy sorğuları, makroiqtisadi göstəricilər və seçki dairələrindəki son dinamika göstərir ki, noyabrın 3-də keçiriləcək səsvermədə qüvvələr nisbəti son dərəcə gərgindir.
Konqres əsas mübarizə meydanıdır, 435 yer uğrunda mübarizə aparılacaq. Respublikaçıların üstünlük şansı yüksəkdir. İqtisadi narazılıqlar və immiqrasiya mövzusu daxili siyasətdə əsas drayver olduğu üçün Respublikaçıların kiçik fərqlə də olsa üstünlük qazanması ehtimalı böyükdür.
Senatda 100 yerdən 34-ü üzrə keçiriləcək seçkilərdə baş-başa və kritik mübarizə gedəcək. Senatda üstünlüyü 1-2 yerlə hansı partiyanın götürəcəyi Ohayo, Pennsylvaniya, Arizona və Georgia kimi "tərəddüd edən" ştatlardakı nəticələrdən asılı olacaq.
İran məsələsi, Yaxın Şərq böhranı və Yeni dünya düzəninə dair baxışlar seçkilərdə Respublikaçılar Partiyasının xarici siyasət və milli təhlükəsizlik ritorikasını gücləndirir. Qlobal qeyri-müəyyənlik artdıqca, seçicilərin bir hissəsi daha sərt və barışmaz xarici siyasət tərəfdarı olan namizədlərə meyil edir.
Ancaq daxili iqtisadiyyatdakı sabitlik və sosial hüquqlar mövzusunda Demokratların malik olduğu resurslar tarazlığı qoruyub saxlayır.
Nəticə etibarilə noyabrın 3-də keçiriləcək seçkilərdə Konqresin bölünmüş halda qalması (bir palatanın Demokratlarda, digərinin Respublikaçılarda olması) və ya Respublikaçıların hər iki palatada minimum üstünlük əldə etməsi ehtimalı yüksəkdir. Respublikaçıların qələbəsi baş verərsə, Vaşinqtonun İran siyasəti kəskin şəkildə sərtləşəcək, ABŞ-ın qlobal öhdəliklərə yanaşması isə daha proteksionist və pragmatik xarakter alacaqdır.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB