İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyası üçün yeni perspektivlər açır

ŞƏRH
İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyası üçün yeni perspektivlər açır

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin dərinləşdirilməsi, həm də ümumilikdə Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir. Səfər çərçivəsində hər iki istiqamət üzrə yüksək nəticələr əldə edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri açıqlaması zamanı Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldir. Bu sənəd siyasi dialoqun və yüksəksəviyyəli təmasların daha da intensivləşməsi üçün yeni hüquqi-siyasi baza yaradır. Eyni zamanda, iqtisadiyyat, nəqliyyat, logistika, investisiya, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlavə stimul verir.

"Təsadüfi deyil ki, səfər çərçivəsində Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirildi. İclasda Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, turizm və biznes əlaqələrinin inkişafı, humanitar və mədəni layihələrin həyata keçirilməsi istiqamətində konkret razılaşmalar əldə olundu. İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının istifadəyə verilməsi Azərbaycan kapitalının Qırğızıstanda iri investisiya layihələrini uğurla reallaşdıra bilmək bacarığını nümayiş etdirir. Bu layihə yalnız iqtisadi əməkdaşlığın genişlənməsinin göstəricisi deyil, həm də iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın praktik nəticəsi kimi qiymətləndirilə bilər", - deyə M. Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, iki ölkə arasında siyasi etimadın yüksək səviyyəsini nümayiş etdirən simvolik addımlardan biri də Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasının ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edilməsidir. Prezident İlham Əliyevin də Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qarşılıqlı etimadın yüksək səviyyəyə çatdığını göstərir: “Prezident İlham Əliyevin Qırğızıstana baş tutan son səfəri paralel olaraq Azərbaycanın Mərkəzi Asiya siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində Bakının aparıcı siyasət yürütdüyünü təsdiqləyir. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, iqtisadi layihələrin genişlənməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi nümayiş etdirir ki, Azərbaycan təkcə region ölkələri ilə əlaqələrini gücləndirmir, eyni zamanda, Türk dünyasında siyasi, iqtisadi və geostrateji əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi mövqeyini daha da möhkəmləndirir”.

Bütün xəbərlər Facebook səhifəmizdə