"Böyük Qayıdış siyasəti, əslində, torpaqlarımızın işğaldan azad olunmasından xeyli əvvəl nəzərdə tutulan uzaqgörən və strateji bir siyasət idi. Hələ torpaqlarımızın işğaldan azad olunması istiqamətində diplomatik fəaliyyətlər davam etdiyi dövrdə Prezident İlham Əliyev həm Böyük Qayıdış, həm də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlı əsas hədəfləri müəyyənləşdirmişdi".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:
"44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra bu siyasət nəzəri mərhələdən praktiki mərhələyə keçdi və onun icrasına başlanıldı. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Yeni yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edildi.
Hazır olan kəndlərə, qəsəbələrə və şəhərlərə Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanıldı. Əvvəllər bu proses ayrı-ayrı ailələrin köçürülməsi ilə həyata keçirilirdisə, artıq yüzlərlə, hətta minlərlə insanın işğaldan azad olunmuş ərazilərə qayıdışının şahidi oluruq.
Təbii ki, bu prosesdə əsas meyarlardan biri ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması, həmçinin zəruri infrastrukturun yenidən qurulmasıdır. Bu istiqamətdə işlər davam edir və Böyük Qayıdış prosesi mərhələli şəkildə genişlənir.
Məncə, Böyük Qayıdış siyasətinin əsas mahiyyəti və fəlsəfəsi ondan ibarətdir ki, bu siyasət bir xalqın, bir dövlətin və dövlət başçısının tarixi yaddaşını, öz torpaqlarına bağlılığını və həmin torpaqların əsl sahibinin kim olduğunu dünyaya nümayiş etdirir.
İşğal dövründə erməni separatçıları və işğalçı qüvvələr həmin ərazilərdə genişmiqyaslı və davamlı yenidənqurma işləri aparmadılar. Əksinə, torpaqların böyük hissəsi dağıdılmış və yararsız vəziyyətdə saxlanıldı. İşğaldan azad edilmiş ərazilərə səfərlər zamanı dağıdılmış şəhərlərin, xarabalığa çevrilmiş kəndlərin və uzun illər yaşayış olmayan geniş ərazilərin şahidi olduq. Bir neçə yaşayış məntəqəsi istisna olmaqla, ərazilərin böyük hissəsi tamamilə dağıdılmış vəziyyətdə idi.
Eyni zamanda, həmin ərazilərdən qanunsuz fəaliyyətlər, o cümlədən narkotik plantasiyalarının yaradılması, qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlər üçün istifadə edilməsi ilə bağlı faktlar da üzə çıxarıldı.
Bu gün isə Azərbaycan qısa müddət ərzində Böyük Qayıdış siyasəti çərçivəsində həmin torpaqları yenidən qurur, insanların ata-baba yurdlarına qayıdışını təmin edir. Prezident İlham Əliyev bu prosesi daim diqqətdə saxlayır və görülən işlərlə şəxsən tanış olur.
Mən cənab Prezidentin Qarabağa səfərlərini mütəmadi izləyirəm. Bu səfərlərdə diqqət çəkən əsas məqamlardan biri dövlət başçısının görülən işlərlə yaxından tanış olması, artıq həmin ərazilərə köçürülən insanlarla görüşməsi, onların yaşayış şəraiti ilə maraqlanması və ailələrinə baş çəkməsidir.
Eyni zamanda, dost, qardaş və müttəfiq ölkələrin rəhbərlərinin Azərbaycana və Qarabağa səfərləri zamanı Prezident İlham Əliyev onları işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri ilə tanış edir, həmin ərazilərə qayıdan insanlarla görüşdürür. Bu, olduqca mühüm və tarixi əhəmiyyət daşıyan məqamdır.
Çünki Azərbaycan bununla təkcə öz xalqına verdiyi vədi yerinə yetirmir, həm də Türk dünyasına, İslam dünyasına və bütün beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Azərbaycan öz torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü və suverenliyini bərpa edən, eyni zamanda həmin əraziləri yenidən quraraq insanların doğma yurdlarına qayıdışını təmin edən nadir ölkələrdən biridir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni yaşayış məntəqələrinin salınması və insanların öz doğma torpaqlarına qayıtması həmin torpaqların əsl sahibinin kim olduğunun ən aydın və əyani sübutudur.
Böyük Qayıdış siyasəti həm tarixi yaddaşın qorunması, həm torpaqların əsl sahibinin kim olduğunun təsdiqi, həm də dövlət başçısının xalqına verdiyi vədin yerinə yetirilməsi deməkdir. Bütün bu amillər bir araya gəldikdə, Böyük Qayıdış siyasətinin mahiyyəti, fəlsəfəsi və tarixi əhəmiyyəti daha aydın şəkildə ortaya çıxır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB