“İnkişaf Elçiləri Proqramının ilk dayanacağı təsadüfi olaraq Azərbaycan seçilməyib” - Mahmud Ağrıman
“Türkiyədə və dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimizin ilk səfər məkanı kimi Azərbaycanı seçməsi tarixi qardaşlıq bağlarımızdan irəli gəlir”.
SİA xəbər verir ki, bu fikirləri TİKA-nın Bakı Proqram Koordinatoru Mahmud Ağrıman jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İnkişaf Elçiləri Proqramının ilk marşrutu məhz Azərbaycan olub. Onun sözlərinə görə, bu seçim 1918-ci ildə Nuru Paşanın komandanlığı altında fəaliyyət göstərən Qafqaz İslam Ordusunun Azərbaycanın azadlığı uğrunda göstərdiyi fədakarlıqlarla bağlı tarixi yaddaşa əsaslanır.
Mahmud Ağrıman qeyd edib ki, TİKA sədri Abdullah Erenin rəhbərliyi ilə həyata keçirilən proqram çərçivəsində gənclər Bakı, Gəncə, Şamaxı, Lənkəran, Quba və digər bölgələrdə təşkilatın həyata keçirdiyi layihələrlə yaxından tanış olublar.
Koordinatorun sözlərinə görə, iştirakçılar səhiyyə sahəsində yaradılmış dializ mərkəzlərini, tibbi laboratoriyaları, təcili tibbi yardım layihələrini, eləcə də Türkiyə ilə Azərbaycan arasında tibbi əməkdaşlıq nümunələrini yerində görüblər. Təhsil istiqamətində isə Türkiyənin Təhsil Müşavirliyi və səfirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, həmçinin Türk Anadolu Liseyi, Atatürk Liseyi, Türkiyə Diyanət Vəqfi, TRT, Anadolu Agentliyi, Türkiyə Maarif Vəqfi və Yunus Əmrə İnstitutunun fəaliyyəti ilə tanış olublar.
Mahmud Ağrıman bildirib ki, proqram çərçivəsində kənd təsərrüfatı sahəsində həyata keçirilən arıçılıq, bal istehsalı, istixana, tingçilik və meşəsalma layihələri də iştirakçılarda böyük maraq doğurub.
O əlavə edib ki, səfərin son günündə gənclər Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsini yad etmək üçün Türk Şəhidliyini və Nuru Paşanın xatirəsinə həsr olunmuş muzeyi ziyarət ediblər.
Mahmud Ağrıman Azərbaycanın inkişafını yüksək qiymətləndirərək, ölkə rəhbərliyinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O vurğulayıb ki, enerji, təhsil, səhiyyə və digər sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı uğurla davam edir və "Bir millət, iki dövlət" prinsipi iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB