"ABŞ və İsrail ortaq mövqe axtarışını davam etdirir" - POLİTOLOQ DANIŞDI

"ABŞ və İsrail ortaq mövqe axtarışını davam etdirir" - POLİTOLOQ DANIŞDI

"Netanyahunun ABŞ-a səfəri hər nə qədər senator Lindsi Qrehemin vida mərasimi ilə bağlı olsa da Trampla görüş də gözlənilən idi. Xüsusilə də son dövrlərdə Tramp və Netanyahu arasında bir sıra məsələlərə dair fərqli baxışlar fikir mübadiləsi aparılmasını zəruri edirdi".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, görüşdə müzakirə olunan əsas məsələ təbii ki, Yaxın Şərqdə dəyişən təhlükəsizlik arxitekturası, Qəzza müharibəsinin nəticələri, İran amili və regionda yeni siyasi balansın formalaşdırılması ilə bağlı yanaşmaların uzlaşdırılmasıdır:

"Məlumdur ki, Tramp administrasiyasının İsrailə münasibəti daha çox strateji yaxınlıq və siyasi dəstək üzərində qurulur. Bu baxımdan Netanyahu ilə görüş ABŞ-ın İsrailin təhlükəsizlik prioritetlərinə böyük əhəmiyyət verdiyini göstərən siyasi mesajdır. Xüsusilə İranın regional təsir imkanlarının məhdudlaşdırılması, İsrailin hərbi üstünlüyünün qorunması və Yaxın Şərqdə ABŞ-ın təsirinin saxlanılması Vaşinqtonun əsas maraq istiqamətləri sırasında qalır.

Rəsmi məlumatlardan göründüyü kimi görüşdə İrandakı münaqişə, Livandakı Üçtərəfli Çərçivə və Abraham Sazişlərinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. O cümlədən də Qəzzada vəziyyət, HƏMAS-ın tərksilah edilməsi və digər məsələlər də müzakirə olunub.

ABŞ-ın baxışı ondan ibarətdir ki, İsrailin təhlükəsizlik tələbləri dəstəklənməlidir, amma digər tərəfdən regionda daha geniş münaqişənin də qarşısının alınması lazımdır. Bu səbəbdən görüş tərəflərin tam eyni mövqedə olduğunu deyil, mürəkkəb regional məsələlər üzrə ortaq çərçivə axtarışında olduqlarını göstərir.

Görüşün digər tərəfi daxili siyasi amillərlə bağlıdır. Netanyahu üçün ABŞ prezidentinin dəstəyi həm beynəlxalq, həm də daxili siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Tramp üçün isə İsrailə münasibətdə güclü dəstək nümayiş etdirmək onun siyasi elektoratı və Yaxın Şərq siyasəti baxımından əhəmiyyətli mesajdır.

Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, Tramp-Netanyahu görüşünün əsas siyasi və strateji əhəmiyyəti ABŞ-ın İsrailə verdiyi dəstəyin davamlılığını nümayiş etdirməsi və Yaxın Şərqdə yeni təhlükəsizlik reallıqları fonunda iki ölkə arasında koordinasiyanı gücləndirmək cəhdi ilə bağlıdır. Lakin düşünürəm ki, bu yaxınlaşmanın regional sabitliyə necə təsir göstərəcəyi tərəflərin yalnız hərbi və təhlükəsizlik məsələlərinə deyil, eyni zamanda diplomatik həll yollarına nə dərəcədə üstünlük verəcəyindən asılı olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə