“Azərbaycan–Almaniya münasibətləri hazırda tarixi və mühüm dönüş mərhələsinə qədəm qoyub” - ŞƏRH
“Azərbaycan–Almaniya münasibətləri hazırda dinamik xarakter daşıyır və çoxşaxəlidir. İki ölkə arasında bu günlərdə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması da bu istiqamətdə böyük perspektivlər açıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu sənəd Azərbaycan–Almaniya münasibətlərinin həm dinamikasına müsbət təsir göstərəcək, həm də əməkdaşlığın daha da şaxələnməsinə töhfə verəcək:
“Bəlkə də Azərbaycan–Almaniya münasibətləri heç vaxt indiki qədər dinamik və perspektivli olmayıb. Həqiqətən də, investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi, humanitar və mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından iki ölkənin qarşısında əməkdaşlığın böyük perspektivləri var.
Eyni zamanda, Strateji Tərəfdaşlıq Bəyannaməsinin məhz indiki mərhələdə imzalanması təsadüfi deyil. Bölgəmizdə Gürcüstan–Rusiya və Ermənistan–Rusiya münasibətlərində baş verən dəyişiklikləri nəzərə alsaq, müəyyən geosiyasi boşluğun yarandığını söyləmək olar. Ermənistanın Avropaya inteqrasiya istiqamətində addımlar atması, Gürcüstanın isə Rusiya ilə diplomatik münasibətlərinin faktiki olaraq dayanmış vəziyyətdə olması regionda yeni geosiyasi reallıq formalaşdırır.
Bu şəraitdə Rusiyanın bölgədəki mövqelərinin getdikcə zəiflədiyini, ABŞ-ın regionda təsirini artırmağa çalışdığını, Avropa İttifaqının isə bölgədəki mövcudluğunun və nüfuzunun ziddiyyətli xarakter daşıdığını nəzərə alsaq, Almaniyanın regionda möhkəmlənməsi üçün əlverişli imkanların yarandığını görmək mümkündür.
Almaniya üçün bölgədə Azərbaycan qədər etibarlı və əlverişli tərəfdaş tapmaq çətindir. Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması həm Azərbaycan–Almaniya əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir, həm də Almaniyanın regionda strateji mövqeyini gücləndirməsi üçün geniş imkanlar yarada bilər.
Bütün bunlar göstərir ki, Azərbaycan–Almaniya münasibətləri hazırda tarixi və mühüm dönüş mərhələsinə qədəm qoyub”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB