Azərbaycan–Almaniya iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan–Almaniya iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına 21 iyul 2026-cı il tarixində həyata keçirdiyi rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən mühüm sənəddir. Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan və Almaniya arasında artıq strateji dialoqun başlanması oldu. Bu, münasibətlərin yalnız ikitərəfli çərçivədə deyil, Avropa İttifaqı ilə əməkdaşlıq baxımından da yeni perspektivlər açdığını göstərir. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqaz regionunda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində oynadığı rol Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür.

Səfər iqtisadi əməkdaşlıq baxımından da mühüm nəticələrlə yadda qaldı. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə qarşılıqlı investisiyaların artırılması, yeni layihələrin reallaşdırılması və biznes əlaqələrinin institusional əsaslarla inkişaf etdirilməsi üçün yeni imkanlar açacaq.

Enerji sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutur. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirir. Neft ixracı ilə yanaşı, gələcəkdə yaşıl enerjinin də Avropa bazarına çıxarılması istiqamətində atılan addımlar Azərbaycanın enerji siyasətinin uzunmüddətli və çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir.

Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycanın Orta Dəhliz üzrə artan rolu, müasir nəqliyyat infrastrukturu və Asiya ilə Avropa arasında etibarlı körpü funksiyasını yerinə yetirməsi Almaniya ilə bu sahədə əməkdaşlığın strateji əhəmiyyətini artırır. Səfər zamanı bu istiqamətdə birgə işçi qruplarının yaradılması barədə razılığın əldə olunması da əməkdaşlığın praktiki nəticələrə yönəldiyini göstərir.

Prezident İlham Əliyevin bəyanatında regional sülh məsələləri də xüsusi yer aldı. Dövlətimizin başçısı Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirərək, Almaniya hökumətinin danışıqlar prosesinə verdiyi töhfəni qeyd etdi. Vurğulamaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən əsas amillərdən biridir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan xarici siyasətində qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərə böyük önəm verir. İmzalanan sənədlər və əldə olunmuş razılaşmalar Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu səfər siyasi dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və regional sabitliyin təmin olunmasına mühüm töhfə verən əlamətdar hadisə kimi qiymətləndirilir. Bu baxımdan, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaratmış oldu.

Mehman Ramazanov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə