Böyük QAYIDIŞ: ədalətli Zəfərdən Quruculuğa!

Böyük QAYIDIŞ: ədalətli Zəfərdən Quruculuğa!

Prezident İlham Əliyev: "Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik"

30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi Azərbaycanın Vətən müharibəsində döyüş meydanında öz sözünü deməsi ilə nəticələndi. Azərbaycan torpaqları işğaldan azad olundu. Artıq bu ərazilərdə yeni dövrə – inkişaf, quruculuq dövrünə qədəm qoymuşuq. Bu Zəfəri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və ölkəmizin güclü ordusu oldu. Bu gün Azərbaycan bayrağı işğaldan azad olan Cəbrayıl şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində Şuşada… dalğalanar. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verir. Əlbəttə ki, dağıntılara məruz qalmış ərazmlərimizi bütün dünya görmüş olur. Azad torpaqlarımızda əzəli sakinlər yaşayırlar. Azərbaycan öz haqqına qovuşub. "Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik", - deyə Prezident bildirib.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin yanvar-iyun ayları ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi həcmində və yaxud 1 milyard 64,1 milyon manat vəsait istifadə olunub. Mənbələrə əsasən, həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat) xərclələnib. Eləcə də 29,8 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manatı isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.

“HEÇ KİM BİZİ BUNDAN SONRA BU TORPAQLARDAN TƏRPƏDƏ BİLMƏZ”

Xatırladaq ki, təkcə Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqlara yerlərə göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Burada 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Əbəs deyil ki, İlham Əliyev Laçın rayonunun Şuşadan sonra işğala məruz qalmış ikinci rayon olduğunu bildirib. Bildirib ki, hər bir rayonun itirilməsi böyük faciə idi: "İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb… Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər". Vurğulamaq yerinə düşər ki, Ermənistan tərəfindən Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qaldı. İşğal olunan hər bir əraziyə kifayət qədər ziyan dəyib. Bu bir rayona dəymiş ziyanin nümunəsi idi. Artıq Azərbaycan xalqı öz dədə-baba yurdunu düşməndən azad edib. “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə